Məhkəmə qərarları › İş №e-2(028)-198/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-198/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-198/2025 04.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Quliyev Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X2 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə borc 19726,52 manat, faiz borcu 1355,25 manat, cərimə borcu 63,75 manat, cəmi 21145,52 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 153,44 manat məbləğində dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında 304492 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalana istehlak yönümlü 20000 manat məbləğində pul ayrılmışdır və о, 48 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə оlan bоrcu əsas məbləğ üzrə borc 19726,52 manat, faiz borcu 1355,25 manat, cərimə borcu 63,75 manat, cəmi 21145,52 manat məbləğində təşkil edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, 304492 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC Cavabdeh illik 16% olmaq şərti ilə 48 ay müddətinə 20000 manat (iyirmi min manat) kredit verir. Borcalan kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə “X2 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 19726,52 manat, faiz borcu 1355,25 manat, cərimə borcu 63,75 manat, cəmi 21145,52 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli pretenziyaya əsasən Cavabdeh ““X2 Azərbaycan” QSC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 19726,52 manat əsas borc, 1355,25 manat faiz borcu, 63,75 manat cərimə borcu, cəmi 21145,52 manat kredit borcu və 153,44 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar