Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-248/2024 14.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində pulun alınıb ona verilməsi və həmçinin dövlət rüsumu kimi ödədiyi 123 manat pulun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi zərərə (hüquqi xidmət xərcinə) görə 300 manat və mənəvi zərərə görə 5000 manat olmaqla, ümumilikdə 5300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı 11000 manat pul tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilməsi və ilkin iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, İddiaçı Cavabdeh 11000 manat məbləğində borc pul vermişdir. Lakin o, borcunu bu günə kimi qaytarmamışdır. Ona görə onun barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq araşdırma aparılmış, iş mülki xarakterli olduğundan cinayət işinin başlanlmasının rədd olunması haqqında qərar qəbul olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin vaxt Cavabdeh izahatı alınmışdır. O, izahatında Suqradan 11000 manat aldığını etiraf etmişdir. Lakin bildirmişdir ki, guya aldığı pul vəsaitini geri qaytarıb. Lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Hazırda İddiaçı Cavabdeh pulunu tələb edir. Lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi qarşılıqlı iddianı müdafiə və ilkin iddianı rədd edərək bildirdi ki, iddia tələbi tamamilə əsassız sayır. Belə ki, İddiaçı 2014cü il tarixdə Cavabdeh aylıq faizlə və hissələrlə (iki dəfəyə) 11000 manat borc vermiş və o, Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11500 (on bir min beş yüz) manat pul qaytarmışdır. Qeyd edilənlər Sumqayıt ŞPİ 5-ci PB tərəfindən aparılan araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq İddiaçı hər dəfə əsassız olaraq onu borcu qaytarmamaqda ittiham edir, bununla bağlı Sumqayıt ŞPİ 5-ci PB-nə əsassız şikayət etmiş və hal-hazırda məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırki mülki iş üzrə hüquqlarının müdafiə olunması məqsədilə “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə 239 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmaqla 300 manat ödəniş edilmişdir. Bu xərci İddiaçı əsassız iddiasından müdafiə olunmaq üçün çəkmiş və maddi zərərə məruz qalmışdır. Qeyd edilən zərəri tələb etmək hüququ həm mülki, həm də mülki prosessual qanunvericiliklə tanınmaqdadır. Həmçinin Arif şəkər xəstəsidir və Suqranın əsassız şikayəti nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Davam edən əsassız iddia və məhkəmə mübahisəsi də onun davamlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin təhqir olunmasına səbəb olmuşdur. Suqranın qeyd edilən hərəkətləri nəticəsində Arifə mənəvi zərər vurulmuşdur və vurulmuş mənəvi zərəri o, 5000 manat məbləğində qiymətləndirir. Eyni zamanda ilkin iddia tələbinə münasibətdə iddia müddəti tətbiq olunmalı və iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbi tamamilə əsassız olduğundan və borc müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan tərəflərindən qəbul edilmir. Hər bir halda hesab edirlər ki, ilkin iddia tələbinə münasibətdə iddia müddəti də ötürülmüşdür. Belə ki, İddiaçı 2014-cü ilin yay və payız aylarında Cavabdeh aylıq faizlə və hissələrlə (5000 manat və 6000 manat olmaqla iki dəfəyə) cəmi 11000 manat borc vermiş və sonuncu tərəfindən Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11500 (on bir min beş yüz) manat pul qaytarılmışdır. Həmçinin İddiaçı da Sumqayıt ŞPİ 5-ci PB-nə verdiyi izahatda 2017-ci il tarixdə Cavabdeh 2 aylığına 5000 manat, ondan 6 ay keçdikdən sonra təkrar 6000 manat borc verdiyini və bir müddət sonra aldadıldığını bilərək borcu geri tələb etdiyini, lakin cavabdehin borcu qaytarmaqdan imtina etdiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olmuş 739-740-cı maddələrinə uyğun olaraq şifahi borc müqaviləsi bağlanmışdır. Əgər cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş idisə, izahatlara əsasən ən geci 2018-ci ilin sonlarında hüquqlarının pozulması Suqraya məlum olmuşdur. Belə olan halda Piriyeva ən geci 2021-ci ilin sonuna kimi məhkəmədə iddia qaldırmalı və öhdəliyin icrasını Arifdən tələb etməli idi. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı 3 illik iddia müddətini ən azı 2 il 3 ay müddətinə ötürmüşdür və məhkəməyə 15 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə tərəflərin vəkil və nümayəndələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında 2014-cü ilin yay aylarında həyat yoldaşının ankoloji xəstə olduğu üçün onun müalicəsinə pul lazım olduğunu həmin ərəfələrdə Sumqayıt Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşmış Şura adlı tanış bir qadının onu faizə pul verən Suqra ilə tanış etdiyini, sonuncunun ilkin olaraq Şuranın yaşadığı mənzildə ona aylıq 10% olmaqla 5000 manat faizə pul verdiyini bildirmişdir. O, ilk iki ay Suqraya hər ay 500 manat olmaqla iki ay müddətinə 1000 manat pul verdiyini, bundan üç ay sonra yenə pul lazım olduğu üçün Suqradan aylıq 10% olmaqla əlavə 6000 manat da faizə pul aldığını və ümumilikdə Suqraya 11000 manat borcu yarandığını bildirmişdir. O, faizləri ödəyə bilmədiyindən Suqradan xahiş edərək ayda 700 manat ödəməklə əsas borcundan silməsini xahiş etdiyini və Suqranın da razılaşdığını demişdir. O, 15 ay müddətinə hər ay 700 manat olmaqla Suqraya pul verdiyini demişdir. O, Suqradan pulu iş görmək adı ilə deyil, faizə aldığını, Suqradan aldığı 11000 manat pulu 500 manat əlavə olmaqla ümumilikdə 11500 manat qaytardığını, Şuranın dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. İş materiallarında olan İddiaçı Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2017-ci il tarixdə işlədiyi Polimer zavodu ərazisində məcburi köçkün kimi məskunlaşıb yaşayan Şura adlı tanışıgilə getdikdə Şura qonşuluqda yaşayan Arif adlı şəxsin pula ehtiyacı olduğunu deyib ona köməklik göstərməyini xahiş etdi, o, ilk öncə Arifi tanımadığıma görə köməklik edə bilməyəcəyini dedi, daha sonra evdə olan zaman Şura ilə Arif onlara gəldilər, Arif qızının xəsdə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyib ondan ona borca 5000 manat pul verməyimi xahiş etdi, onun Arifə yazığı gəldiyinə görə yaşadığı evdə Şuranın yanında ona 5000 manat pul verdi, Arif pulu götürüb bir iki aya qaytaracağını dedi, pulu verməyindən 6 ay keçməsinə baxmayaraq, Arifin pulu qaytarmadığını görüb ona zəng etdikdə Arif hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırdı, daha sonra o, Arif ilə qardaşı Məcnun yaxın münasibətləri olduğunu bildi, Arif qardaşı Məcnunla onlara gələrək pulu qaytara bilməsi üçün yaxşı iş olduğunu beləki, plastik qapı pəncərə sexi açacağını, oğlununda həmin sexi işlədəcəyini, sexdən gələn gəlirdən hər ikisinin ailəsinin dolanacağını deyib bunun üçün ilkin olaraq 6000 manat pul lazım olduğunu dedi, həmin ərəfələrdə oğlu vəfat etdiyindən, fikirlərinin dağınıq olduğu vaxt olduğundan Arifə inanaraq əlavə olaraq yaşadığı evdə qardaşı Məcnunun yanında Arifə 6000 manat pul verdi, bir müddət sonra Arifdən işlərin nə yerdə olduğunu soruşduqda, Arif narahat olmamasını, işlərin qaydasında getdiyini deyirdi, o, ona sexi görmək istədiyini dedikdə isə Arif hər dəfə bəhanə gətirib onu sexə aparmırdı, daha sonra isə o, ondan işlə bağlı maraqlandıqda Arif oğlunun sexdə istifadə etmək üçün gətirdiyi şüşələri avtoqəza keçirdiyinə görə şüşələrin qırılıb yarasız hala düşdüyündən ziyana getdiklərini bildirdi. O aldadıldığını başa düşüb Arifdən ona verdiyi ümumilikdə 11000 manat pulu qaytarmasını tələb etdi, Arif ilk öncə bəhanələr gətirib onu aldatdı, daha sonra isə ondan pulunu tələb etdiyi halda onun ona pulu faizlə verdiyini deyərək onu şərləyəcəyini bildirdi. İş materiallarında olan X1 Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2012-ci ildən İddiaçı tanımış, onların yaxşı münasibəti olub, Suqra ayrı-ayrı şəxslərə aylıq 10 faizdən olmaqla pul verirdi, on özü də pul lazım olduqda ondan faizə pul alıb sonra qaytarmışdır. 2014-cü ildə tanışının vasitəsi ilə Cavabdeh onlara gələrək onun tanışının faizə pul verdiyini dediyini ona pul lazım olduğunu dedi, onlar olan zaman Suqra da bizə gəldi, Arif ilkin olaraq Suqraya 5000 manat pul lazım olduğunu dedi, onlar Arifə verilən pula görə zamin dayandığını bildirdikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən onlarda görüşdükdə Suqra onların iştirakı ilə Arifə 5000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, onlar bir müddət sonra Arif ona zəng edib razılıq edərək Suqranın pulunu tam olaraq qaytardığını dedi, o, Suqraya zəng etdikdə Suqra pulunu tam olaraq Arifdən aldığını bildirdi, Bundan sonra onun onlarla heç bir ünsiyyəti olmayıb və bir-birlərinə pul alıb vermələrini bilmir. İş materiallarında olan X2 Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Cavabdeh onun qohumumdur, 2014- cü ildə Arif ilə görüşdükdə Arif yoldaşının onkoloji xəsdə olduğuna görə müalicəsi üçün pul lazım olduğunu dedi, o, Arifə pulu olmadığını dedikdə Arif faizə də olsa pulun tapılmasının vacib olduğunu bildirdi. O maraqlandıqda həmin ərəfədə Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşaraq yaşayan Şura adlı tanışı onun Suqra adlı tanışının faizə pul verdiyini dedi, o, Arif ilə Şuragilə getdi, Şuragildə olan zaman Şuranın tanışı Suqra da oraya gəldi, Arif ilkin olaraq Suqaraya 5000 manat pul lazım olduğunu dedi, o və Şura Arifə verilən pula görə zamin dayandığını dedikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən Şuragildə görüşdükdə Suqra onun və Şuranın iştirakı ilə Arifə 5000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, pulu bir neçə gün gecikdirdikdə isə Suqra Şuraya zəng edir, eləcə də Şura ona deyirdi, o da Arifə dedikdən sonra Arif aparıb pulu ödəyirdi. 3 ay sonra yenidən Arifin yoldaşının müalicəsi üçün pul lazım olduğundan Arif ilə birlikdə Suqragilə gedib əlavə 6000 manatda pul lazım olduğunu dedi, Suqra Şuraya zəng edərək ona onların yenə də faizə pul götürmək üçün gəldiyini deyib pulu verib verməyəcəyini soruşduqda Şura verməsini dedi, bundan sonra Suqra yaşadığı evdə onun və qardaşı Məcnunun yanında aylıq 10 faiz olmaqla Arifə 6000 manat pul verdi. Arif bir müddət pulu versə də, daha sonra maddi vəziyyətinin pişləsməsi ilə əlaqədar Suqraya faizi verə bilməyəcəyini, aylıq 700 manat ödəməyə ümumi borcundan çıxmasını dedi, Suqra da razılaşdıqdan sonra Arif 15 ay müddətində Suqraya 700 manat pul vermişdir, Arif pulu onun yanında verməsə də, ona Şura tərəfindən zəng gəlmədiyinə görə pulun ödənildiyini bilirdi, eləcədə Arif hər ödədikcə ona deyirdi. Arif Suqaradan 11000 manat pulu iş görmək adı ilə deyil, aylıq 10 faiz ödəməklə borca götürmüşdür və bu günə kimi götürdüyü 11000 manat pula görə 500 manat artıq olmaqla (11500 manat) tam olaraq qaytarmışdır. Suqranın dedikləri həqiqətə uyğun deyil və onun üstündən 9 il keçdikdən sonra nə səbəbdən şikayət etməsini bilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasındakı borc münasibətləri təxminən 2014-2017-ci illərdə yaranmışdır. Qanunvericilik normalarından çıxış edərək Cavabdeh həmin münasibətlərə iddia müddəti tətbiq edilməsi tələbi əsaslıdır. Belə ki, İddiaçı hesab etdiyi hüquqlarının pozulmasını bilməsindən üç ildən də artıq bir müddət keçmişdir. Azərbaycan Respublikası 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hazırki halda Cavabdeh İddiaçı hərəkəti nəticəsində mənəvi ziyana düşməsini göstərsə də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiası təmin edilmədiyinə görə nümayəndə və vəkilinə göstərdiyi yardıma görə xərclərin verilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, ilkin iddia üzrə cavabdeh məhz qarşlıqlı iddia tələbinin irəli sürülməsi üçün vəkilə müraciət etdiyi müəyyən edilir və həmin iddia təmin edilmədiyi üçün vəkil xərci də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia rədd edilsin. İddiaçı Cavabdeh 11000 manat məbləğində pulun alınıb ona verilməsi və həmçinin dövlət rüsumu kimi ödədiyi 123 manat pulun Cavabdeh aid edilməsinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı maddi zərərə (hüquqi xidmət xərcinə) görə 300 manat və mənəvi zərərə görə 5000 manat olmaqla, ümumilikdə 5300 manat pulun tutularaq Cavabdeh ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-248/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-248/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver