Məhkəmə qərarları › İş №e-2(028)-249/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-249/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-249/2025 30.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh GTKR2033864B211 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9298,57 manat əsas borcun, BRCB2033863B11 saylı xx.xx.2023-cü il tarixli kredit kartına dair müqaviləyə əsasən 482,4 manat əsas borc, 114,96 manat faiz, cəmi 597,36 manat borcun və 118,96 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2033864B211saylı Kredit müqaviləsinə əsasən ona 42 ay müddətinə illik 20% dərəcəsi ilə 13500 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ilə cavabdehlə arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2033863B211saylı Kredit müqaviləsinə əsasən 500 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, kart filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, GTKR2033864B211 saylı kredit müqaviləsinə əsasən 9298,57 manat əsas borcu, xx.xx.2023-cü il tarixli, BRCB2033863B211 saylı kredit kartına dair müqaviləyə əsasən 482,4 manat əsas, 114,96 manat faiz, cəmi 597,36 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlər müəyyən olnuru ki, GTKR2033864B211 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh müəyyən müddətə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq, illik 20% olmaq şərti ilə 42 ay müddətinə 13500 manat kredit verir. Borcalan krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. BRCB2033863B11 saylı xx.xx.2023-cü il tarixli Birbank Chashback kredit xətti müqaviləsinə əsasən bank (İddiaçı ASC) müştəriyə (Cavabdeh) Birbank Cashbank ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın tarif dərəcələrinə əsasən ödəyir. Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 500 manat müəyyən olunur. 15/01700 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASCyə GTKR2033864B211 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9298,57 manat borc, BRCB2033863B11 saylı xx.xx.2023-cü il tarixli kredit kartına dair müqaviləyə əsasən 482,4 manat əsas borc, 114,96 manat faiz borcu yaranmışdır. 4-43-16/MH1264 saylı, xx.xx.2025-cİ il tarixli bildirişə görə Cavabdeh İddiaçı ASC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh GTKR2033864B211 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9298,57 manat borc, BRCB2033863B11 saylı kredit kartına dair müqaviləyə əsasən 482,4 manat əsas borc, 114,96 manat faiz borcu, cəmi 9895,93 manat borc və 118,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar