Məhkəmə qərarları › İş №e-2(028)-261/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-261/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-261/2023 17.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırki yaşayış minimumuna uyğun olaraq 2 övladları – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 220 manat məbləğində, ümumilikdə 440 manat sabit pulməbləğində aliment tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının vəkili və nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.İddia ərizəsində iddiaçı göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 2 övladları anadan olmuşdur. Cavabdeh ilə ərarvad münasibətlərinin kəsildiyi və birgə təsərrüfatları idarə etmədiyindən 2019-cu ildə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər birinə 160 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi onun iddiasının qismən təmin edilməsi ilə bağlı 24 oktyabr 2019-cu il tarixli qətnamə qəbul etdi. Həmin qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidi. Bundan sonra isə Cavabdeh məhkəməyə müraciət edərək onunla olan nikahın pozulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Müəyyən edilən bu aliment hazırki şəraitdə övladlarının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Azərbaycan Respublikasında “yaşayış minimumu haqqında” 9 dekabr 2022-ci il tarixli Qanuna əsasən yaşayış minimumu 2023-cü il üçün ölkə üzrə 246 manat, əmək qabiliyyətliəhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il rarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bütün bunlara görə də hesab edirəm ki, Cavabdeh hazırki yaşayış minimumuna uyğun olaraq 2 övladları – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 220 manat məbləğində, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə qeyd etmək istəyir ki,cavabdeh aliment məbləğini gecikdirmələrlə ödəyir və tam ödəmir. Belə ki, hər ay ödəməli olduğu aliment məbləğini demək olar ki, 2 aydan bir ödəyir. Cavabdehin aliment borcu yaranmışdır. Bununla bağlı onun öz dəqiq hesablamaları vardır. Lakin o, icra İdarəsinə bununla bağlı müraciət edərək ödəniş çeklərini istəsə də, bu iş üzrə icraçı Orxan Bağırov öz səlahiyyətlərini yerinə yetirməyərək çekləri ona təqdim etmir. Bundan əlavə yaranmış aliment borcunun hesablanmasına dair ərizə ilə müraciət etsə də, bu ərizənin cavabında ona cavabdehin aliment borcunun o hesabladığından qat-qat aşağı olduğu bildirilmişdir. Bu isə tamamilə qanunsuzluqdur. Belə ki, çeklər ona təqdim edilmədən aliment borcu azaldılmışdır. Buna görə də cavabdeh tərəfin yaranmış aliment borcunu və hər ay ödəməli olduğu aliment məbləğini vaxtında ödəməsi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, o, gözlərindən 3-cü qrup əlildir, ağır işlərlə məşğul ola bilmir.Bundan əlavə o, 2-ci dəfə ailə qurub və həmin nikahdan onun 2 azyaşlı uşaqları var.Bunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulmasını qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan TSEK-nin xx.xx.2022-ci il tarixli cavabının kserosurətindən görünür ki, Cavabdeh 3-cü qrup əlildir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və X6 xx.xx.2022-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 390 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmədə müəyyən olundu ki, cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş, o, 2-ci dəfə ailə qurub və həmin nikahdan onun 2 yetkinlik yaşına çatmayan uşaqları var. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh gözdən 3-cü qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 220 manat məbləğində manat məbləğində tələb edir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Cavabdehin 3-cü qrup əlil olduğunu, onun 2-ci dəfə ailə qurmasını və həmin nikahdan onun 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğini dəyişərək xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar