Məhkəmə qərarları › İş №e-2(028)-284/2024

Qubadlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(028)-284/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-284/2024 24.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24800 manat məbləğində borcun, hüquqi yardımla bağlı ödədiyi 322 manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, iddia ərizəsində “Xahiş etdim” hissəsində texniki səhv olaraq göstərildiyi 24800 manatın əvəzinə Cavabdeh 28400 manat məbləğində borcun, hüquqi yardımla bağlı ödədiyi 322 manatın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Qubadlı rayon İcra hakimiyyətində şöbə müdiri işləmiş Cavabdeh 2019-cu ildən başlayaraq onun övladları Şəlalə, Səidə, Samirə və bacısı Nazəninə pensiya təyin edilməsi ilə bağlı hissə-hissə olmaqla ümumilikdə 40000 (qırx min) manat məbləğində pul almış, həmin pulu işlədiyi Qubadlı rayon İcra hakimiyyətinin inzibati binasında təqdim etmişdir. Aralarında olan razılaşmaya görə o, həmin pul ilə adları çəkilən şəxslərə pensiya təyin etdirməli idi, lakin cavabdeh onu aldatmış, etibarından sui-istifadə etmiş, dəfələrlə etdiyi müraciətdən sonra həmin puldan hüquq mühafizə orqanlarında şikayəti araşdırılan zaman 10000 manat qaytarmış, ona 30000 manat borclu olması barədə qəbz vermişdir. Bu qəbzdən sonra isə ona 1600 manat məbləğində pul qaytarmış və hazırda onun borcu 28400 manat təşkil edir. Ona olan borcunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə o, öz xətti ilə iltizam yazaraq iddiaçının qarşısında belə bir öhdəlik götürmüşdür ki, karta əmək haqqı köçürülən kimi ona 1000 manat da verəcəkdir. Aqil öz adına olan kartı və anasının pensiya kartını iddiaçıya versə də, sonradan həmin kartları da bağlatdırmışdır. Halbuki ona dəfələrlə təklif etmişdir ki, heç olmasa aylıq əmək haqqından hər ay 500 manat olmaqla borcu ödəsin, lakin o, bu təklifə də əhəmiyyət verməmişdir. Cavabdehin İddiaçı aldatması və pullarını mənimsəməsi ilə bağlı əməllərinə hüquqi qiymətin verilməsi ilə bağlı dəfələrlə prokurorluğa və polisə şikayət etmiş, lakin ona bildirilmişdir ki, bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Cavabdehə ona olan borcunu qaytarması ilə bağlı məktub göndərmiş, lakin cavabdeh yenə də ödəniş etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı vəkili və nümayəndəsi məhkəməyə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əl qəbzindən görünür ki, Cavabdeh İddiaçı avqust 2023-cü il tarixdə əmək haqqı köçəndə 30000 borcundan 1000 gətirib verəcəyini bildirmişdir. İş materiallarında olan Mpay QSC-nin 10071 nömrəli xx.xx.2024-cü il tarixli qəbzinin surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna 361 saylı müqavilə üzrə 322 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə hesab edir ki, iddaçı tərəfindən vəkil xidmətinə görə ödənilmiş 322 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 28400 (iyimi səkkiz min dörd yüz) manat məbləğində borc və 322 manat hüquqi yardımın əvəzi alınaraq İddiaçı qaytarılsın. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Qubadlı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar