Məhkəmə qərarları › İş №e-2(028)-284/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-284/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-284/2025 22.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MM QBKT-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1624 manat, faiz borcuna görə 301,99 manat, cərimə borcuna görə 180,46 manat, cəmi 2106,45 manat borcun və 41,07 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********1810 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödənişcədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymişzərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 1624 manat, faiz borcuna görə 301,99 manat, cərimə borcuna görə 180,46 manat, cəmi 2106,45 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan **********1810 saylı xx.xx.2024-cü il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh 18 ay müddətinə illik 28% ödəmək şərtilə 2000 manat məbləğində kredit verir və borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKTyə **********1810 saylı kredit müqaviləsinə görə 1624 manat əsas borc, 301,99 manat faiz borcu, 180,46 manat cərimə, cəmi 2106,45 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh krediti hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 180,46 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 60 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1985,99 manat olduğundan (1624 manat əsas + 301,99 manat faiz + 60 manat cərimə) iddiaçı tərəfindən ödənilmiş 41,07 manat dövlət rüsumunun 39,85 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 1,22 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1624 manat əsas borc, 301,99 manat faiz borcu və 60 manat cərimə borcu, cəmi 1985,99 və 39,85 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MM QBKTnin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,22 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar