Məhkəmə qərarları › İş №e-2(028)-288/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-288/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-288/2024 24.07.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, X1 katibliyinin, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 3M-1922 saylı Reyestr №-li “Kredit Müqaviləsi” əsasında məndən aldığı 13000 (on üç min) manat pulun, cavabdehin kart hesabına (**********616718) ödədiyim 900 (doqquz yüz) manat pulun, 300 (üç yüz) manat hüquqi yardım üçün ödədiyim pulun və 132,60 manat (yüz otuz iki manat 60 qəpik) dövlət rüsumunun- cəmi 14332,60 (on dörd min üç yüz otuz iki manat 60 qəpik) cavabdehdən alınaraq tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı Rusiya Federasiyasında yaşayırdı. Bir müddət əvvəl Bakı şəhərinə gəlmişdi. Elan saytlarından MİDA evlərin satışını görmüşdü. Elanın altında cavabdehin əlaqə nömrəsi yazılmışdı. Həmin nömrə ilə əlaqə saxlamışdı. Telefon zənginə cavabdeh cavab vermişdi. Daha sonra görüşərək ona MİDA-dan mənzil göstərmişdi. İddiaçı həmin mənzili bəyəndiyini və almaq istədiyini bildirmişdi. Cavabdeh ilkin ödəniş kimi 13000 (on üç min) manat lazım olduğunu bildirmişdi. O, həmin məbləği ödəməyə razılaşmış və xx.xx.2023-cü il tarixində Notariat Kontorunda həmin 13000 manat pulu cavabdehə vermişdi. Pulu ödədikdən uzun müddət cavabdeh ondan hər dəfə vaxt istəmişdi. Artıq səbrinin tükəndiyini və evini istədiyini bildirmişdi. Bu zaman cavabdeh guya ki sənədləşmə üçün əlavə 900 (doqquz yüz) manat lazım olduğunu bildirmişdi və həmin məbləği ona göndərməsi üçün öz bank kartını (**********616718) ona göndərmişdi. İşin yekunlaşdığını, axır ki evə sahib olacağına sevinib həmin 900 manat pulu xx.xx.2023-cü il tarixində cavabdehin bank kartına göndərmişdi. Lakin 13000 (on üç min) manat və 900 (doqquz yüz) manat, yəni cəmi 13900 (on üç min doqquz yüz) manat pulu cavabdehə ödədikdən sonra cavabdeh ona heç bir ev göstərməmiş, telefon zənglərinə cavab verməmişdi. Məcbur olub MİDA-nın rəsmiləri ilə əlaqə saxlamışdı. İddiaçı Notariat Kontorunda cavabdehə ödədiyi pulu və müqaviləni onlara göstərmişdi. MİDA-nın rəsmiləri ona bildirmişdi ki, onlarda cavabdeh adında rəsmi işçi yoxdur, MİDA-da evlər rəsmi saytda qeydiyyatdan keçirməklə verilir. Əlində olan müqaviləni onlara göstərmişdir. Oradan bildirmişilər ki, Notariat Kontorunda bağlanan müqavilə sadəcə olaraq “Kredit Müqaviləsi”dir. Bundan sonra cavabdehin onu aldadaraq pulunu mənimsədiyini başa düşmüşdür. Bundan sonra o, Polis İdarəsinə müraciət etmişdi. Lakin Polis İdarəsindən bildirilmişdir ki, məhkəməyə müraciət etməlidi. Bu səbəblərdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh pulu ödəməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-1922 saylı Reyestr №-li kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 13000 (on üç min) manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək borc alan Cavabdeh borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ona olan borcunu qaytarmasını təklif etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan E-manat ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə H*****M*****Ə*****oğluna məxsus Kapital Bank kartına (kart nömrəsi 416973*****6718) 900 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 3133 saylı xx.xx.2024-cü tarixli qəbzindən görünür ki, İddiaçı 205 saylı müqavilə üzrə 300 manat ödəniş (Hesab sahibi: A.S.A.: 7***** V***** B*****) etmişdir. Paysıs MMC-nin qəbzindən görünür ki, Eminov X3 Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 132,6 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə hesab edir ki, iddaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 3M-1922 saylı Reyestr №-li “Kredit Müqaviləsi” əsasında 13000 (on üç min) manat, cavabdehin kart hesabına (**********616718) iddiaçının ödədiyi 900 (doqquz yüz) manat, 300 (üç yüz) manat hüquqi yardım üçün ödənilmiş pul və 132,60 manat (yüz otuz iki manat 60 qəpik) dövlət rüsumunun əvəzi, cəmi 14332,60 manat (on dörd min üç yüz otuz iki manat 60 qəpik) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar