Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-299/2022 28.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Nizami oğlunun sədrliyi İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 453,10 manat, faiz borcu 87,42 manat, cərimə borcu 67,96 manat, ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 638,88 manat borcun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında 381-MBM-0241-21 saylı kredit müqaviləsi bağlanılmışdır.Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətində qaytarılmaq şərti ilə 671 manat kredit verilmişdir.Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmədikdə, kreditor kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər.Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcndan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli 381-MBM-0241-21 saylı kredit müqaviləsi üzrə 453,10 manat əsas borcu, 87,42 manat faiz borcu, 67,96 manat cərimə borcu, cəmi 608,48 manat borcu yaranmışdır.Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Cavabdehə xx.xx.2021-ci il tarixli, 17682/21 saylı və xx.xx.2022-ci il tarixli 0324/22 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Cəmiyyətin müqavilə bağlanarkən ümit etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi ünvan 1 ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 381-MBM-0241-21 saylı müqavilədən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC (borcverən) Cavabdeh (borcalan) X1 tərəfindən satışı həyata keçirilən istehlak mallarını almaq məqsədi ilə 671 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür.Kredit borcalana kreditdən istifadə haqqı illik 32% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmədikdə, kreditor kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. xx.xx.2022-ci il tarixli N MA-0025199-22 saylı maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli 381-MBM- 0241-21 saylı müqaviləyə əsasən 453,1 manat əsas, 87,42 manat faiz, 67,96 manat cərimə, cəmi 608,48 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh BOKT "xxxx" QSC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 67,96 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 5 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 453,10 manat əsas borc, 87,42 manat faiz borcu, 5 manat cərimə borcu, ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 575,92 manat iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə idda rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(028)-299/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-299/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver