Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-34/2025 14.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyandan ödənilməmiş 3853,02 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh “Toyota Prius (Hibrit) minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd Polermo tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 6917,40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP6239309 saylı İnzibati Tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Toyota Prius (Hibrit) minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius (Hibrit) minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X1 bank hesabına mütənasib qaydada 3064,38 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hesab edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6917,40 manat məbləğində maddi ziyandan, sığorta ödənişi çıxıldıqdan sonra qalan 3853,02 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən zaman cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisə zamanı dirək aşmış, dirəyə ziyan dəyməmişdir. Qeyd etmişdir ki, sosial şəbəkə vasitəsilə həmin dirəklərin 300-400 ABŞ dolları olduğunu öyrənmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən İXP5981066 saylı xx.xx.2024-cü il tarixli protokola görə Cavabdeh xx.xx.2024-cü il tarixdə 02:36-da 28 May küçəsində “Toyota Prius (Hibrit) minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirilməsi qaydasını pozmuş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələsinə əsasən ona 80 manat cərimə haqqında tənbeh tətbiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 Smetasına əsasən Nəsimi rayonu 28 May küçəsində naməlum sürücünün idarə etdiyi “Toyota Prius (Hibrit) minik” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş “Polermo” tipli işıq dirəyinin bərpasına sərf olunan xərclər (dirək – 6567,4 manat və özül hissəsinin bərpası - 350 manat) 6917,4 manat təşkil edir. 2009-cu ilin Aktına əsasən Bakı Şəhər İcra Hakimiyətinin Başçısının 142 saylı xx.xx.2007-ci il tarixli və 300 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarına görə Nəsimi rayonu 28 May küçəsində quraşdırılan yeni tipli işıq dirəklərinin əvəzsiz olaraq "xxxx" EŞM-nin balansına təhvil verilmişdir. 17 ədəd “Polermo” (İtaliyan tipli) işıq dirəklərinin bir dəstinin dəyəri 8474 manat olmaqla quraşdırma işləri ilə birlikdə 144058 manat təşkil edir. ABB-nin Kredit haqqında bildirişinə əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" X1 hesabına "xxxx" Şirkəti tərəfindən 3064,38 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1498 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş sualın həlli məqsədi ilə müvafiq müqayisə metodu ilə tədqiqat apararkən “Palermo” (İtalyan tipli) işıq dirəyinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdı. Bu səbəbdən də “Palermo” (İtalyan tipli) işıq dirəyinin xx.xx.2024-cü il tarixə olan orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdı. İş materiallarında olan (cild i.v 21) "xxxx" X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-da göstərildiyi kimi “Palermo” (İtalyan tipli) işıq dirəyinin 2009-cu ildən istismarda olduğu və ilkin qiymətinin 8474 manat olması nəzərə alınarsa, istismarına 22,5% (15 il x 1,5 %) köhnəlmə tətbiq etməklə qalıq dəyəri 6567,35 (8474-22,5%) manat təşkil edər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən vurduğu maddi ziyanın əvəzi, yəni 3853,02 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh təqsirli hesab edilmişdir. Hadisə zamanı ziyan dəymiş “Polermo” tipli işıq dirəyinin dəyəri 6567,4 manat (eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 9/1498 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən 6567,35 manat) və özül hissəsinin bərpası üçün çəkilən xərc isə 350 manat təşkil etmişdir. Bundan sonra "xxxx" Şirkəti tərəfindən iddiaçıya 3064,38 manat sığorta ödənişi edilmiş, ödənilməmiş 3853,02 manat məbləğ qalmışddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyandan ödənilməmiş 3853,02 manat pul vəsaiti iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-34/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-34/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver