Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-371/2022 21.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinov sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Cavabdeh Oktay qızının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Oktay qızına qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay qızından yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına vurduğu 31145 manat məbləğində zərərin 26145 (iyirmi altı min yüz qırx beş) manat hissəsinin, hüquqi yardım göstərilməsi üçün ödədiyi 300 manat, ümumilikdə 26445 (iyirmi altı min dörd yüz qırx beş) manat məbləğində pulun və 170 manat dövlət rüsumunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə edərək göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Hava Limanına gedən yolda Cavabdeh Oktay qızının idarə etdiyi «Mitsubishi Pajero» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının idarə etdiyi «Volksvaqen Touareq» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Aparılmış təhqiqat zamanı Cavabdeh Oktay qızı bildirmişdir ki, hadisə zamanı fikirli olduğundan baş yola çıxışında yolda olan 2.4 (yol ver) nişanının tələbinə məhəl verməyərək, idarə etdiyi avtomobil ilə baş yola daxil olan zaman baş yolda Mərkəz-Şəhər istiqamətindən Hava Limanı istiqamətində hərəkətdə olan «Volksvaqen Touareq» markalı avtomaşının arxa sağ qanadına idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi avtomobilin salonunda əyləşən X1 bədən xəsarəti almışdır. Hadisə barəsində DYPŞ tərəfindən inzibati protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli qüsur aktına əsasən «Volksvaqen Touareq» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər ümumilikdə 31145 (otuz bir min yüz qırx beş) manat təşkil edir. Dəymiş zərərin 5000 manat hissəsini avtomobilin icbari sığortası həyata keçirən “Paşa Sığorta” şirkəti tərəfindən ödənilmiş, 26145 (iyirmi altı min yüz qırx beş) manat hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh hadisə baş verdikdən sonra ümumiyyətlə marağlanmamış, ziyanı ödəməkdən imtina edir. İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə müqavilə bağlamış və 300 manat ödəmişdir. Həmin məbləğ cavabdehdən alınaraq ona ödəniməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nətiçəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Oktay qızının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, o, məhkəməyə gəlmiş, lakin iddiaçı məhkəməyə gəlməmişdir.Bu axırıncı baxışdır və o, tələb edir ki, iş mahiyyəti üzrə baxılsın. Əlavə olaraq göstərdi ki, baş vermiş hadisədə Cavabdeh Oktay qızının törətdiyi əmələ görə təhqiqatçı tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP4435111 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Cavabdeh iddiaçı ilə öz aralarında razılığa gəldiyinə görə Cavabdeh Oktay qızı cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir.Həmin vaxt cavabdeh tərəfindən yol hərəkəti qaydası pozuntusu olduğu kimi, iddiaçı tərəfindən də yol hərəkəti qaydası pozulmuşdur.O, həmin yolda müəyyən edilmiş müvafiq hərəkət sürətindən artıq sürətlə hərəkət etmişdir.Dəymiş zərərin 5000 manatını avtomobilin icbari sığortasını həyata keçirən “Paşa Sığorta” şirkəti tərəfindən ödənilmişdir. Tərəflər razılaşmışlar ki, maşını cavabdeh təmir etdirərək, təmirinə xərclənən pulları tam həcmdə ödəyəcəkdir.Lakin nədənsə iddiaçı sonradan vədinə əməl etməyərək sənəd tərtib edib cavabdehə imzalatmağa cəhd etmiş, cavabdeh isə iddiaçının maşına vurulmuş zərərin miqdarını həddən artıq şişirdildiyinə görə həmin sənədə imza etməkdən imtina edərək, məhkəməyə müraciət etməsini bildirmişdi. "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli qüsur aktında hətta zədələnməmiş hissələrin adları qeyd olunmaqla, «Volkswagen Touareg» markalı 90 KO- 110-dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər ümumilikdə 31145 (otuz bir min yüz qırx beş) manat müəyyən edilmişdir. “Paşa Sığorta” şirkəti tərəfindən tərtib edilmiş qüsur aktında isə həmin maşına 14550 (on dörd min beş yüz əlli) manat ziyan dəydiyini müəyyən edilmişdir. Hər iki halda dəymiş ziyan şişirdilmişdir.2011-ci il istehsalı olan həmin markalı maşının orta bazar qiyməti 30-35 min manatdır.Maşına dəymiş real zərəri ekspert müəyyən edə bilər. Bunu nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Xəzər RPİ-nin TŞ-nin təhqiqatçı tərəfindən tərtib edilmiş qərarında göstərilir ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. «Mitsubishi Pajero» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh Oktay qızının əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsinin tərkibini yarandığından sürücü Cavabdeh Oktay qızının barəsində İXM-nin 327.1-cı maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilsin. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli İP ******* saylı qərarından görünür ki, Cavabdeh Oktay qızı «Mitsubishi Pajero» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbəğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli qüsur aktına əsasən «Volkswagen Touareg» markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomaşına edilmiş cəmi təmir xərclərinin qiyməti 31145 manat təşkil edir.Onlardan cəmi ehtiyyat hissələrin qiyməti 27275 manatdır, cəmi iş haqqı 3870 manat təşkil edir. «AECS» Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin qiymətləndiricisi C.Əzizov tərəfindən tərtib edilmiş AV 15-28/22 saylı, xx.xx.2022-ci il tarixli ** KO *** dövlət qeydiyyat nişanlı «Volkswagen Touareg» markalı avtomobilə qəza nəticəsində dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında hesabatda göstərilir ki, yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəzlənməsi tələb olunan hissələrin ümumi dəyəri 8205 manat təşkil edir.Nəqliyyət vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin dəyəri 1700 manat təşkil edir.Cəmi yekun dəyəri 9905 manat təşkil edir.Dəymiş ziyanın xarakteristikası:Qəza nəticəsində ** KO *** dövlət qeydiyyat nişanlı « Volkswagen Touareg» markalı avtomobil arxa sağ tərəfdən zərər görmüşdür.Hazırda nəqliyyat vasitəsi istifadəyə yararsız haldadır.Zərər görmüş hissələr bərpa edilə bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər.Belə hallarda Məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün zəruri təhsil alınmasını təsdiqləyən sənədləri sifarişçinin tələbi ilə təqdim etməlidir. Sifarişçinin xahişi ilə Azərbaycan Respublikasında qiymətləndirmə haqqında qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq peşə birliklərinin nizamnaməsi barədə ona məlumat verməlidir. Azərbaysan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2000-ci il tarixli, 107 saylı qərarı ilə təsdiq edilmiş «Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiriçilərin hazırlanması» Qaydalarına əsasən qiymətləndirmənin ümumi standartları olmalı, qiymətləndirmə zamanı qiymətləndirmə normalarına (əlavə normativ sənədlərlə bağlı terminlərin və sənədlərin tərkib elementlərinin müəyyən edilməsi) riayət edilməli və mövcüd bazar qiymətinə uyğun qiymət qoyulmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" tərəfindən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli qüsur aktında 2011-ci il tarixdə istehsal olunan və istismar olunmuş avtomobilin təmiri üçün göstərilən pul vəsaitinin məbləği real vəziyyəti əks etdirmir.Bu səbəbə görə məhkəmə «AECS» Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin qiymətləndiriçisi C.Əzizov tərəfindən tərtib edilmiş AV 15-28/22 saylı, xx.xx.2022-ci il tarixli ** KO *** dövlət qeydiyyat nişanlı «Volkswagen Touareg» markalı avtomobilə qəza nəticəsində dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında hesabatı ilə razılaşır. İddiaçı xx.xx.2022-ci il tarixdə 14 saylı vəkil bürosuna “Kapital Bank” vasitəsi ilə 310 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nətiçəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güçlü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Oktay qızından yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomaşınına vurduğu 9905 manat məbləğində zərər, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, ümumilikdə 10205 (on min iki yüz beş) manat məbləğində pul və 170 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-371/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-371/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver