Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-49/2025 09.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Səlim qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 124,81 manat əsas borc və 390,49 manat faiz borcu olmaqla, cəmi 515,3 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tariхli, 200805-830178/1 nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5330 manat məbləğində krеdit vеrilmişdir. 29 mart 2024 il tariхli, 200805-830178/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında qızıl girov müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borcluya məxsus qızıl-zinət əşyaları saxlanca qəbul edilmiş və müvafiq olaraq Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yüklülüyün bildirişi qeydə alınmışdır. Cavabdeh borcunu ödəmədiyinə görə “Daşınar Əmlakın Yüklülüyü” haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən girov qoyulmuş qızıl-zinət əşyaları satışa çıxarılmışdır. Satış günü satışdan əldə olunan 5037 manat məbləğində pul vəsaiti əsas borcun silinməsinə yönəldilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 02 dekabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 124,81 manat məbləğində əsas bоrcu və 390,49 manat faiz borcu оlmaqla, cəmi 515,3 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 200805- 830178/1 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 5330 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, 1 saylı əlavədə göstərilən faizləri banka ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 200805-830178/1 nömrəli qızıl girov müqaviləsindən görünür ki, Cavabdeh ilə 200805-830178/1 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi qızıl girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan 23138555 saylı, xx.xx.2024-cü il tarixli “Girovun saxlanca qəbul edilməsi” aktından görünür ki, Cavabdeh tərəfindən girov qoyulmuş 15 ədəd qızıl-zinət əşyası (4 ədəd boyunbağı, 2 ədəd kulon, 2 ədəd üzük, 3 ədəd qolbağı və 2 cüt sırğa) xüsusi paketə qoyularaq Bankın pul anbarına saxlanca qəbul edilir. İş materiallarında olan İddiaçı ASC-nin № 34/24 saylı xx.xx.2024-cü il tarixli Əmlakların satışına nəzarət komissiyasının iclasının protokolundan görünür ki, İddiaçı ASC də girovda olan Cavabdeh məxsus qızıl-zinət əşyalarının 4968 manata satılması qərara alınmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli, 200805-830178/1 nömrəli kredit müqaviləsi üzrə 124,81 manat əsas borc və 390,49 manat faiz borcu olmaqla, cəmi 515,3 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 187 gün təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 5161,81 manat əsas borc, 231,52 manat faiz borcu, cəmi 4,95 manat cərimə borcu olmaqla, cəmi 5398,28 manat borcu yaranmışdır. Bildirilmişdir ki, borc öhdəliyi 10 gün ərzində icra edilmədiyi halda yüklülük predmeti qızıl zinət əşyaları saxlanca qəbul olunan filialın inzibati binasında ayrılan müddət bitdiyi tarixdən sonrakı iş günü satışa çıxarılacaqdır. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. 293.1-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. 293.2- ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. 294.1 ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir: 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.1-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. 17.3-cü maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. 17.6-cı maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində olan məlumata əsasən borcun əsas hissəsinin əksəriyyəti cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının satış günü satışdan əldə olunan 5037 manat vəsait hesabına silindiyindən, cavabdehin xx.xx.2024-cü il tarixli bildiriş üzrə tələb olunan əsas məbləğdən 124,81 manat əsas və həmin tarixə tələb olunan 231,52 manat faiz borcu qalmışdır. Beləliklə, məhkəmə sadalanan hüquq normalarına qiymət verərək hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borca dair öhdəliyi girov predmetinin satılması ilə tam icra olunmadığı üçün və əsas borca hesablanmış faiz borcu ödənilmədiyi üçün o, iddiaçı qarşısında kredit müqaviləsi üzrə yaranmış borca dair maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 124,81 (bir yüz iyirmi dörd manat, səksən bir qəpik) manat əsas borc, 231,52 (iki yüz otuz bir manat, əlli iki qəpik) manat faiz borcu, cəmi 356,33 (üç yüz əlli altı manat, otuz üç qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 342-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 124,81 (bir yüz iyirmi dörd manat, səksən bir qəpik) manat əsas borc, 231,52 (iki yüz otuz bir manat, əlli iki qəpik) manat faiz borcu, cəmi 356,33 (üç yüz əlli altı manat, otuz üç qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №e-2(028)-49/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-49/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver