Məhkəmə qərarları › İş №e-2(028)-65/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-65/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-65/2023 27.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMM QBKT-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 3985,04 manat məbləğində əsas kredit borcu, 79,75 manat məbləğində faiz borcu, cəmi 4064,79 manat məbləğində borcun və 60,65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MM QBKT Cavabdeh2 ilə bağlanılmış **********0470 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 3985,22 qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,32 manat, dörd il müddətində hər ay 84,76 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Beləliklə xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 3985,04 manat məbləğində əsas kredit borcu, 79,75 manat məbləğində faiz borcu, cəmi 4064,79 manat məbləğində borcu var. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz.MPM-nin 149.2.3 maddənin tələbinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit müqaviləsi; 2) FİNCARD kreditvermə qəbzi; 3) Kredit kartının mədaxil Aktı; 4) Zaminlik müqaviləsi; 5) Maliyyə arayışı; 6)Kredit Ərizə Forması; 7)Müştərinin qeydiyyat forma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmışdir. Cavabdeh1 göstərdi ki, hazırki işdə o, zamindir. Kredit alan onun oğludur. Maddi imkanları olmadığına görə borcu qaytara bilmirlər.Bunu nəzərə alınmasını xahiş etdi. Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMM QBKT Cavabdeh2 ilə bağlanılmış **********0470 saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 3985,22 manat qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,32 manat, dörd il müddətində hər ay 84,76 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixinədək banka 3985,04 manat məbləğində əsas kredit borcu, 79,75 manat məbləğində faiz borcu, cəmi 4064,79 manat məbləğində borcu var. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMM QBKT-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 3985,04 manat məbləğində əsas kredit borcu, 79,75 manat məbləğində faiz borcu, cəmi 4064,79 (dörd min altmış dörd,79) manat məbləğində borc və 60,65 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar