Məhkəmə qərarları › İş №e-2(028)-83/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-83/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-83/2024 07.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 4887 manat məbləğində əsas kredit borcu, 1847 manat faiz borcu, 137,55 manat məbləğində cərimə borcu, cəmi 6871,55 manat məbləğində borcun və 88,72 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0422 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 27% dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 233 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh Samancıoğlu Ayşən İslah qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 4887 manat, faiz borcuna görə 1847 manat, cərimə borcuna görə 137,55 manat, cəmi 6871,55 manat borc təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********0422 saylı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh illik 27% olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə banka 4887 manat məbləğində əsas kredit borcu, 1847 manat məbləğində faiz borcu, 137,55 manat məbləğində cərimə borcu, cəmi 6871,55 manat məbləğində borcu var. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/2344 saylı xx.xx.2024cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesab çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli **********0422 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MM QBKT-ə olan borcu ümumilikdə 5238,51 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 4883,23 manat, faiz borcu üzrə 355,26 manat. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 137,5 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 5338,51 manat olduğundan (4883,25 manat əsas+ 355,26 manat faiz borcu + 100 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 88,72 manat dövlət rüsumunun 73,39 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 15,33 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4883,25 manat məbləğində əsas kredit borcu, 355,26 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu, cəmi 5338,51 manat məbləğində borc və 73,39 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 15,33 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar