Məhkəmə qərarları › İş №e-2(028)-85/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-85/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-85/2024 17.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxılaraq, Cavabdeh 1915,22 manat overdraft borcu, 258,2 manat hesablanmış cərimə borcunun, cəmi 2173,42 manat borcun və 39,7 manat ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli ödəniş kartları üzrə xidmətin göstərilməsi haqqında müqavilə bağlanmışdır.Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə bank müştəriyə cari hesab açmağı və hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmalı və hesab üzrə texniki overdrafta yol verməməlidir. Texniki Overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəməyolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 01U/21 saylı xx.xx.2021-ci il tarixli Ümumi oferta (bank xidmətlərinin təqdim edilməsinə dair) müqaviləsindən görünür ki, "xxxx" KB ASC bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi oferta ilə tanış olmuş və bütün şərtlərlə razılaşmışdır. UB-İNSH/ƏB/1247 saylı xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, bu sənədlə "xxxx" KB ASC təstiq edir ki, Cavabdeh bankda AZ57UBAZ**********1010AZN018 (kartın nömrəsi 409809CDVAZS0909) saylı kart hesabı var. Müştərinin xx.xx.2023-cü il tarixdə 1939,2 manat overdraft kredit borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə 23,94 manat əsas borc, 4,86 manat cərimə olmaqla cəmi 28,84 manat ödəniş, xx.xx.2023-cü il tarixdə 1 manat ödəniş olmuşdur. Nəticədə bu plastik kart üzrə ümumi oferta borcu əsas məbləğ 1915,22 manat, xx.xx.2023-cü il tarixə hesablanmış cərimə 258,8 manat olmaqla ümumi 2173,42 manat təşkil edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən borcu barəsində məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1915,22 manat overdraft borcu, 258,2 manat hesablanmış cərimə borcu, cəmi 2173,42 manat borc və 39,7 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar