Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-9/2023 10.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və müqaviləni ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 517,15 manat məbləğində əsas borc, 414,62 manat məbləğində faiz borcu, 1466,42 manat cərimə, cəmi 2398,19 (iki min üç yüz doxsan səkkiz,19) manat məbləğində borcun və ödənilmiş 43,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi göstərdi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 28 % olmaqla ödəniş planı üzrə aylıq ödəniş 144,76 manat olmaqla 1500 (bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh ödəniş etmiş və onun 517,15 manat məbləğində kredit borcu qalmışdır. xx.xx.2022-ci il tarixinə cavabdehin İddiaçı BOKT MMC-yə 517,15 manat məbləğində əsas borc, 414,62 manat məbləğində faiz borcu, 1466,42 manat cərimə, cəmi 2398,19 (iki min üç yüz doxsan səkkiz,19) manat məbləğində borcu var. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır.Bu səbəbdən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, tələb olunan əsas borc ilə razıdır. Lakin hesab edir ki, tələb olunan faiz borcu və cərimənin miqdarı şişirdilmişdir. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 28 % olmaqla ödəniş planı üzrə aylıq ödəniş 144,76 manat olmaqla 1500 (bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh ödəniş etmiş və onun 517,15 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 56 % olmaqla faiz hesablana bilər. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 26 oktyabr 2022-ci il tarixədək cavabdehin banka cəmi 2398,19 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı BOKT MMC kredit alana xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbayçan Respublikası MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği - 1466,42 manat tənasübsüz surətdə yüksəkdir və 100 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 517,15 manat məbləğində əsas borc, 414,62 manat məbləğində faiz borcu, 100 manat cərimə, cəmi 1031,77 (bir min otuz bir,77) manat məbləğində borc və ödənilmiş 43,99 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-9/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-9/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver