Məhkəmə qərarları › İş №e-2(029)-1302/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1302/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1302/2025 22.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 500 (beş yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 44.70 (qırx dörd manat yetmiş qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 352.80 (üç yüz əlli iki manat səksən qəpik) AZN, birdəfəlik komissiya borcunun məbləği 102.50 (bir yüz iki manat əlli qəpik) AZN olmaqla, cəmi 1000 (bir min) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdeh- Cavabdeh tutularaq iddiaçı- İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki, ‘SF Azerbaijan” BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 08 mart 2025-ci il tarixli, **********008 nömrəli əlavə Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 (bir) ay müddətinə, illik 108 %,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 8,4 %, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 102.50 AZN olmaqla, 500 (beş yüz) AZN məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0207/25 saylı “tələ hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh 08 mart 2025-ci il tarixli, **********008 nömrəli kredit müqaviləsi üzrə kredit borcu- kredit üzrə əsas borcun məbləği 500 (beş yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 44.70 (qırx dörd manat yetmiş qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 352.80 (üç yüz əlli iki manat səksən qəpik) AZN, birdəfəlik komissiya borcunun məbləği 102.50 (bir yüz iki manat əlli qəpik) AZN olmaqla, cəmi 1000 (bir min) AZN təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2845-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ‘SF Azerbaijan” BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 08 mart 2025-ci il tarixli, **********008 nömrəli əlavə Kredit müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ay müddətinə, illik 108 %,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 8.4 %, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 102.50 AZN olmaqla, 500 (beş yüz) AZN məbləğdə kredit verilmişdir. Bundan başqa, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0207/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 04 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Nəsrullayev Əhməd Nizami oğlunun kredit borcu- kredit üzrə əsas borcun məbləği 500 (beş yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 44.70 (qırx dörd manat yetmiş qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 352.80 (üç yüz əlli iki manat səksən qəpik) AZN, birdəfəlik komissiya borcunun məbləği 102.50 (bir yüz iki manat əlli qəpik) AZN olmaqla, cəmi 1000 (bir min) AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi və ödəniş cədvəli ilə sübuta yetirilir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi üzrə əsas borcuna dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləğləri işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə cərimənin 50 (əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh kredit üzrə əsas borcun məbləği 500 (beş yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 44.70 (qırx dörd manat yetmiş qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 50 (əlli) AZN, birdəfəlik komissiya borcunun məbləği 102.50 (bir yüz iki manat əlli qəpik) AZN olmaqla, cəmi 697.20(altı yüz doxsan yeddi manat, iyirmi qəpik) AZN məbləğdə kredit borcu tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi, qisməndə olsa iddiaçının xeyrinə təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kredit üzrə əsas borcun məbləği 500 (beş yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 44.70 (qırx dörd manat yetmiş qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 50 (əlli AZN, birdəfəlik komissiya borcunun məbləği 102.50 (bir yüz iki manat əlli qəpik) AZN olmaqla, cəmi 1000 (bir min) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar