Məhkəmə qərarları › İş №e-2(029)-140/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-140/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-140/2024 19.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğluna və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğluna və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8444.06 manat məbləğində əsas borcun, 1314.72 manat məbləğində faiz borcunun, 321.92 manat məbləğində cərimə borcunun, cəmi 10080.7 manat borcun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22.5% olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı "Bank of Baku”ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli prosesdə iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğluna və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "Bank of Baku” ASC ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli MK/991118/88/19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 22.5 % olmaqla 9000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Babəd oğlu və Cavabdeh2 Cavabdeh3 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan "Bank of Baku” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Gülyanə Məmmədovanın "Bank of Baku” ASCyə 8444.06 manat əsas, 1314.72 manat faiz borcu və 321.92 manat məbləğində cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 9/5036 saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/99118/88/19 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən xx.xx.2023-cü il tarixli bildiriş müddətinə əsas borc üzrə — 8437,25, manat faiz borcu üzrə — 1223,40 manat, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə — 8437,25 manat, faiz borcu üzrə — 1313,05 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 9/5036 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2024-cü il tarixli 9/5036 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi Cavabdeh3, Cavabdeh1 Babəd oğlunun və Cavabdeh2 "Bank of Baku” ASC-yə olan əsas və faiz borclarının məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı"Bank of Baku” ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 müştərək qaydada 8437.25 (səkkiz min dörd yüz otuz yeddi manat iyirmi beş qəpik) manat məbləğində əsas borc və 1223.40 (min iki yüz iyirmi üç manat qırx qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 9680.65 (doqquz min altı yüz səksən manat altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğundan iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 müştərək qaydada 8437.25 (səkkiz min dörd yüz otuz yeddi manat iyirmi beş qəpik) manat məbləğində əsas borc və 1223.40 (min iki yüz iyirmi üç manat qırx qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 9680.65 (doqquz min altı yüz səksən manat altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 121 (yüz iyirmi bir) manat məbləğində pul müştərək qaydada tutularaq "Bank of Baku” ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh3, Cavabdeh1 Babəd oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar