Məhkəmə qərarları › İş №e-2(029)-16/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-16/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-16/2025 21.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4595.56 manat məbləğində əsas borcun, 811.04 manat məbləğində faiz borcunun, 110.19 manat məbləğində cərimə borcunun, cəmi 5516.79 manat borcun və 76 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 23% olmaqla 5110 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı "Bank of Baku”ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixli prosesdə iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "Bank of Baku” ASC ilə cavabdeh Məhəmmədov Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli CC/92205/85/19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 23% olmaqla 5110 manat məbləğində kredit verilmişdir. İşdə olan "Bank of Baku” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "Bank of Baku” ASC-yə 4595.56 manat əsas, 811.04 manat faiz borcu və 110.19 manat məbləğində cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli 9/2064 saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, CC/92205/85/19 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən maliyyə arayışı müddətin., yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə — 4591.91, manat faiz borcu üzrə — 822.09 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli 9/2064 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4517 saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, CC/92205/85/19 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 23 iyun 2023-cü il tarixə banka olan borcu 4366.38 manat məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə — 3811.21, manat faiz borcu üzrə — 555.17 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4517 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/8621 saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, CC/92205/85/19 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 23 iyun 2023-cü il tarixə banka olan borcu 5291.91 manat məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə — 4591.91, manat faiz borcu üzrə — 684.20 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/8621 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/8621 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi Məhəmmədov Cavabdeh "Bank of Baku” ASC-yə olan əsas və faiz borclarının məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Məhkəmə, 29 mart 2024-cü il tarixli 9/2064 və xx.xx.2024-cü il tarixli 9/4517 saylı ekspert rəylərini bir-birindən kəskin şəkildə fərqləndiyindən, işin hallarını tam əhatə etmədiyi üçün həmin rəyləri sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı"Bank of Baku” ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 4591.91(dörd min beş yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 684.20 (altı yüz səksən dörd manat iyirmi qəpik) manat manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 5286.11 (beş min iki yüz səksən altı manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən də olsa iddiaçının xeyrinə təmin olunduğundan iş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4591.91(dörd min beş yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 684.20 (altı yüz səksən dörd manat iyirmi qəpik) manat manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 5286.11 (beş min iki yüz səksən altı manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank of Baku” ASC-nin hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 76 (yetmiş altı) manat məbləğində pul tutularaq "Bank of Baku” ASC-nin hesabına keçirilsin. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar