Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-187/2025 06.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 2 694,87 (iki min altı yüz doxsan dörd manat 87 qəpik) manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixinə qədər 27,22 (iyirmi yeddi manat 22 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 16 % dərəcəsi ilə hesablanmış 564,13 (beş yüz altmış dörd manat on üç qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 528,87 (beş yüz iyirmi səkkiz manat 87 qəpik) manat məbləğində penya, cəmi 3 815,09 (üç min səkkiz yüz on beş manat 09 qəpik) məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına, iddia ərizəsinin verilməsinə görə 58,16 (əlli səkkiz manat 16 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh(Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223№-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 3 000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdehhər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Buna uyğun olaraq Bank tərəfindən borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli QSR-XO-8.8.2023-001 №-li Xəbərdarlıq ünvanlanmışdır. Beləliklə, həmin tarixə (xx.xx.2023-cü il) Borcalanın İddiaçı qarşısında 2 722,09 (iki min yeddi yüz iyirmi iki manat 09 qəpik) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 2 694,87 (iki min altı yüz doxsan dörd manat 87 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 27,22 (iyirmi yeddi manat 22 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarət olmuşdur. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 528,87 (beş yüz iyirmi səkkiz manat 87 qəpik) manat məbləğində təşkil edir. Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə nəzərə alaraq Bank tərəfindən borcalanCavabdeh xx.xx.2023-cü il tarixli QSR-XO-8.8.2023-001 №-li Xəbərdarlıq göndərilərək müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmişdir. İddiaçı ilə Borcalan arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin Qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasım həyata keçirmək kifayətdir. Y əni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, Kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda Kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bu əsasla hazırkı iddia ərizəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 24 aprel 2020-ci il tarixli 16/1-2 №-li Qərarı ilə təsdiq edilmiş «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları»na uyğun olaraq Mərkəzi Bank tərəfindən hesablanmaqla açıqlanan (istinad edilən Qaydalara müvafiq olaraq https://www.cbar.az/page-188/credit-institutions ünvanı üzrə Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır) və özündə müvafiq təqvim rübləri ərzində bank sektorunda istehlak kreditləri üzrə mövcud olmuş orta faiz dərəcələrini əks etdirən Məlumat əlavə edilir. Təqdim edilmiş bu Məlumatdan göründüyü kimi, cavabdehə göndərilmiş xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) hazırkı iddia ərizənin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (yasayış sahəsinin təmiri ilə bağlı olan kreditlər növü) üzrə orta faiz dərəcəsi 16 % (on altı faiz) təşkil edir. Müvafiq hesablanma aparıldıqdan sonra müəyyən edilmişdir ki, cavabdehə göndərilmiş xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) xx.xx.2024-cü il tarixədək olan dövr üçün əldən çıxmış fayda 564,13 (beş yüz altmış dörd manat 13 qəpik) manat təşkil edir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 saylı kredit müqaviləsinin surətindən görünür ki, (kreditor) ASC "xxxx" Bankı (bundan sonra ”Bank” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun qaytarılması ilə əlaqədar xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasənmüqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 462.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı əldən çıxmış faydanın hesablanması qaydası barədə arayış təqdim edib (iş v. 52). Arayışdan görünür ki, əldə çıxmış fayda qalıq əsas borca münasibətdə hesablanıb, hesablama xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrü əhatə edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Odur ki, iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. İddiaçı əldən çıxmış faydanı Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun hesablayıb. Tərəflər arasında kredit müqaviləsi olduğundan qarşılıqlı şəkildə tərəflər arasında öhdəlik yaranmışdır. Ona görə də iddia tələbində qeyd edilən əsas borc iddia tələbində göstərildiyi şəkildə yəni, 2694.87 (iki min altı yüz doxsan dörd manat səksən yeddi qəpik) manat məbləğində əsas borcun və xx.xx.2023-cü il tarixinə qədər 27,22 (iyirmi yeddi manat 22 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun tutulması təmin edilməlidir. Bundan başqa iddiaçının iddia ərizəsində tələb etdiyi kimi, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 16 % dərəcəsi ilə hesablanmış 564,13 (beş yüz altmış dörd manat 13 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi olaraq tələb etdiyi pul məbləğinin təmin olunmalıdır. Belə ki, iddiaçı bank fəaliyyəti ilə məşğuldur, kredit verərək gəlir əldə edir. Bank həmin krediti başqa şəxsə versə idi, bundan gəlir əldə etmiş olardı. Məhkəmə, iddia tələbində qeyd edilən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 528,87 (beş yüz iyirmi səkkiz manat 87 qəpik) manat məbləğində penyaya münasibətdə hesab edir ki, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh iddia ərizəsində göstərilən cərimə borcunun məbləğləri işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə cərimənin 15 (on beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 2 694,87 (iki min altı yüz doxsan dörd manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixinə qədər 27,22 (iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 16 % dərəcəsi ilə hesablanmış 564,13 (beş yüz altmış dörd manat on üç qəpik) manat məbləğində əldən cıxmış faydanın əvəzi və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 15 (on beş) manat məbləğində penya, cəmi 3301.22 (üç min üç yüz bir manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-cimaddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə qəbul olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 58.16 (əlli səkkiz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankı-nın hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 2 694,87 (iki min altı yüz doxsan dörd manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixinə qədər 27,22 (iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 16 % dərəcəsi ilə hesablanmış 564,13 (beş yüz altmış dörd manat on üç qəpik) manat məbləğində əldən cıxmış faydanın əvəzi və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 15 (on beş) manat məbləğində penya, cəmi 3301.22 (üç min üç yüz bir manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 58.16 (əlli səkkiz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan ASC "xxxx" Bankı -nın hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV