Məhkəmə qərarları › İş №e-2(029)-223/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-223/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-223/2024 23.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12912.95 manat məbləğində əsas borc və 1209.17 manat faiz borcu olmaqla, cəmi 14122.12 (on dörd min bir yüz iyirmi iki manat on iki qəpik) manat borcun və 132.77 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASCiddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 iyul 2022 il tariхli, 301804-125877/6 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 12 dekabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12912.95 manat məbləğində əsas borc və 1209.17 manat faiz borcu olmaqla, ümumilikdə 14122.12 (on dörd min bir yüz iyirmi iki manat on iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklər.İddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022 il tarixli, 301804-125877/6 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən X2 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC arasında bağlanmış 29 iyul 2022 il tarixli, 301804-125877/6 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit götürmüşdür. Belə ki, 12 dekabr 2023-cü il tarixinə borcalanın banka 12912.95 manat məbləğində əsas borc və 1209.17 manat məbləğində faiz borcu olmaqla, cəmi 14122.12 (on dörd min bir yüz iyirmi iki manat on iki qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 132 gün təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki,iddiaçı tərəfindən borcalan Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 avqust 2024-cü il tarixli 9/2867 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair status vərəqəsi məlumatları və 29 iyul 2022-ci il tarixli 301804-125877/6 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 13099,74 manat, faiz borcu üzrə 276,02 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli 9/2867 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 12912.95 manat məbləğində əsas borc və 1209.17 manat faiz borcu olmaqla, cəmi 14122.12 (on dörd min bir yüz iyirmi iki manat on iki qəpik) manat borcun və 132.77 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə isə xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 13099.74 manat, faiz borcu üzrə 276.02 manat müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyi ilə qismən razılaşır. Belə ki, həmin rəydə cavabdehin faiz öhdəliyi hissəsində göstərilən məbləğ məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Lakin məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə borcun əsas məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Həmçinin məhkəmə həmin ekspertiza rəyini faizə dair hissədə sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 12912.95 manat məbləğində əsas borc və 276.02 manat faiz borcu olmaqla, cəmi 13188.97 (on üç min yüz səksən səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 132.77 (yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddia qismən təmin olunduğundan Cavabdeh tutularaq İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğundan iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12912.95 manat məbləğində əsas borc və 276.02 manat faiz borcu olmaqla, cəmi 13188.97 (on üç min yüz səksən səkkiz manat doxsan yeddi qəpik) manat manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 132.77 (yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar