Məhkəmə qərarları › İş №e-2(029)-264/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-264/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-264/2023 13.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X4,Cavabdeh2 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8281.26 (səkkiz min iki yüz səksən bir manat, iyirmi altı qəpik) AZN-bundan 2040.49 (iki min qırx manat, qırx doqquz qəpik) AZN əsas, 2346.52 (iki min üç yüz qırx altı manat, əlli iki qəpik) AZN faiz,3618.17 (üç min altı yüz on səkkiz manat, on yeddi qəpik) AZN cərimə,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 276.08 (iki yüz yetmiş altı manat, səkkiz qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 102.82 (yüz iki manat, səksən iki qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 30%dərəcəsi ilə ödəmək şərtilə 6374 (altı min üç yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 240007694-ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 3109 saylı əlavə sazişə əsasən kreditorun borcalan verdiyi kreditin qalıq məbləği 6168.63 (altı min yüz altmış səkkiz dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.40 AZN) hesablanmış faizlər kapitallaşdırılaraq 5651.60 (beş min altı yüz əlli bir manat, 60 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********228 saylı, xx.xx.2022ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 8281.26 (səkkiz min iki yüz səksən bir manat, 26 qəpik) AZN təşkil edir. Bundan 2040.49 (iki min qırx manat, 49 qəpik) AZN əsas, 2346.52 (iki min üç yüz qırx altı manat, 52 qəpik) AZN faiz, 3618.17 (üç min altı yüz on səkkiz manat, 17 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 276.08 (iki yüz yetmiş altı manat, 08 qəpik) AZN faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, ekspertiza rəyi ilə razıdır, onların imzaları saxtalaşdırılmışdır. Bundan başqa iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-264/2023 saylı 06 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 öldüyündən ona dair hissədə işə xitam verilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, 2014-2018-ci illər ərzində Dəmirbankı Quba filialın müdiri vəzifəsində işləmişdir. Müdafiəçi Asif ona yaxınlaşıb bəzi sənədləri göstərmiş və həmin sənədlərdə olan imzalar ona məxsus olmadığını demişdir. Bununla bağlı o, ərizə yazmışdır, həqiqətən də həmin imza onun imzası deyil. 2014-2017-ci illərdə Dəmirbankın Quba və Qusar filialları aktiv idi. Cavabdehlər şəxslər müqavilə bağlaması üçün onun yanına gəlməyib, birinci dəfədir həmin şəxsləri görür, müqavilə bağlayanda həm borc alan ilə həm də zaminlər ilə fərdi söhbətlər aparılır. Gecikmələr olanda borc alana mütəxəssis tərəfindən zəng edilə də bilər edilməyə də bilər. Əlavə sazişdə olan imza ona məxsus deyildir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və 1 saylı əlavə sazişin surətindən görünür ki, bank tərəfindən Seyfəddin Feremezova 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 6374 (altı min üç yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 240007694/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin və ona 1 saylı əlavənin surətlərindən görünür ki, X6 və Cavabdeh2 ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Seyfəddin Feremezovun öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 11 mart 2015-ci il tarixli ********* saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə və ********* saylı 30 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişlərin surətlərindən görünür ki, 11 mart 2015-ci il tarixli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6168.63 (altı min yüz altmış səkkiz ABŞ dolları altmış üç sent) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 33 ay təyin olunmuşdur. İşdə olan 02 mart 2017-ci il tarixli ********* saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə və ********* saylı 30 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişlərin surətlərindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyi restrukturizasiya olunmuş və (1 USD= 1.40 AZN) əsas borc 5651.6 (beş min altı yüz əlli bir manat altmış qəpik) manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4036.86 (dörd min otuz altı ABŞ dolları səksən altı sent) ABŞ dolları əsas borc, 1508.28 (min beş yüz səkkiz ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu və 189.42 (yüz səksən doqquz ABŞ dolları qırx iki sent) ABŞ dolları cərimə qalığı təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 02 mart 2017-ci il tarixli KM017T03170006S01 saylı kredit müqaviləsi üzrə 11 noyabr 2023-cü il tarixə borcalanın banka 2040.49 (iki min qırx manat, qırx doqquz qəpik) AZN əsas,2346.52 (iki min üç yüz qırx altı manat, əlli iki qəpik) AZN faiz, 3618.17 (üç min altı yüz on səkkiz manat, on yeddi qəpik) AZN cərimə,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 276.08 (iki yüz yetmiş altı manat, səkkiz qəpik) AZN faiz borcu, cəmi borcu 8281.26 (səkkiz min iki yüz səksən bir manat, iyirmi altı qəpik) AZN mövcuddur İşdə olan xəbərdarlıq məktubundan görünür ki,iddiaçı tərəfindən borcalan X3 və zaminlər X4 və Cavabdeh2 borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 4/1262 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 108-ci vərəqəsində olan ********* saylı 30 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə, əsasən xx.xx.2017-ci il tarixli 2 əlavə saylı sazişin arxa tərəfində “Zamin Cavabdeh1” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 106-cı vərəqəsində olan ********* saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişin üz tərəfində soldan 1-ci imza və arxa tərəfində “Kreditor X10” qrafasındakı imza, 108-ci vərəqəsində olan ********* saylı 30 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişin üz tərəfində “Kreditor X10” qrafasındakı imza - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli 4/1262 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 376-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı: Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin Etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 №-li Qərardadı: Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı: Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli 4/1262 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 30% dərəcəsi ilə ödəmək şərtilə 6374 (altı min üç yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2ilə Bank arasında 240007694-ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 3109 saylı Əlavə Sazişə əsasən Kreditorun Borcalan verdiyi kreditin qalıq məbləği 6168.63 (altı min yüz altmış səkkiz dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Daha sonra kredit və zaminlik müqavilələri xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilməsinə dair rəsmi sənəd olsada iş üzrə şahid qismində dindirilmiş X10 2014-2018-ci illər ərzində Dəmirbankı Quba filialın müdiri vəzifəsində işlədiyini, həmin sənəddə olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 4/1262 saylı ekspert rəyi ilə də sübut olunduğundan Məhkəmə, həmin 02 mart 2017-ci il tarixli ********* saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə və ********* saylı 30 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişləri sübut kimi qəbut etmir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edildi ki, kredit və zaminlik müqavilələri xx.xx.2017-ci il tarixli 02 saylı əlavə saziş saxtalaşdırılmışdır. Sonuncu kredit və zaminlik müqavilələri 11 mart 2015-ci il tarixli 3109 saylı əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 33 ay uzadılmış və son müddət kimi 11 dekabr 2017-ci il müəyyən edilmişdir. Qanunvericiliyin tələbərinə uyğun olaraq, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən, hazırki iş üzrə iddia müddətinin axımı 11 dekabr 2020-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti keçmişdir. İş materiallarından görünür ki, iddiaçının tələbi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və cavabdeh məhkəmədə verdiyi izahatda iddia müddətinin tətbiqi edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2014-cü il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.Məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh3 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 3109 saylı Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmış, 02 mart 2017-ci il tarixdə isə həmin kredit müqaviləsinə əlavə saziş bağlanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Sonuncu kredit müqaviləsinə əlavə saziş saxtalaşdırılmışdır. Bu hal şahid ifadəsi və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin təşəbbüsü ilə təyin edildiyindən və iddia rədd olunduğundan iş üzrə 110 (yüz on) manat məbləğində məhkəmə xərcləri iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4, X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 110 (yüz on) manat məbləğində məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar