Məhkəmə qərarları › İş №e-2(029)-301/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-301/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-301/2024 09.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" KB ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5111,36 AZN əsas məbləğ üzrə, 364,86 AZN faiz üzrə, 103,96 AZN cərimə, cəmi 5580,18 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,21 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 307nkSUM/23 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 18% ödəmək şərtilə 5156 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın xx.xx.2022-ci il tarixli 4745sSUMb/22 saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 8852nkSUMb/22 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesablarından çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, baxış iclasına "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 307nkSUM/23 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək 18% ödəmək şərtilə 5156 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli UB- BANK/PİKMD/1161428 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 307nkSUM/23 saylı kredit müqaviləsi üzrə banka 5111.36 AZN əsas məbləğ üzrə, 364.86 AZN faiz üzrə, 103.96 AZN cərimə, cəmi 5580.18 AZN məbləğində kredit borcunun olduğu göstərilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli UB- BANK/PİKMD/1161431 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 307nkSUM/23 saylı kredit müqaviləsi üzrə banka 5111.36 AZN əsas məbləğ üzrə, 105.78 AZN faiz üzrə, 8.97 AZN cərimə, cəmi 5226.11 AZN məbləğində kredit borcunun olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 may 2024-cü il tarixli 9/2869 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 30 may 2023-cü il tarixli, 307NKSUM/23 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 30 may 2023-cü il tarixli, 307NKSUM/23 saylı kredit müqaviləsi üzrə 12 oktyabr 2024-cü il tarixə banka olan borcu ümumilikdə 5.196,29 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas kredit borcu 5.155,05 manat, faiz borcu 41,24 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 9/2869 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Məhkəmə ekspertiza rəyi ilə qismən razılaşaraq 21 may 2024-cü il tarixli 9/2869 saylı ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, 30 may 2023-cü il tarixli, 307NKSUM/23 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 30 may 2023-cü il tarixli, 307NKSUM/23 saylı kredit müqaviləsi üzrə 12 oktyabr 2024-cü il tarixə banka olan borcu ümumilikdə 5.196,29 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas kredit borcu 5.155,05 manat, faiz borcu 41,24 manat qeyd edilmişdir. Halbuki, iddia ərizəsində iddiaçı əsas məbləğ üzrə 5111.36 manat cavabdehdən tələb etdiyini qeyd etmişdir. Məhkəmə, 21 may 2024-cü il tarixli 9/2869 saylı ekspert rəyinin faziə dair hissədə əsas sübut kimi qəbul edir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə əsas borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Faiz borcuna gəldikdə isə iddiaçının tələb etdiyi 364.86 (üç yüz altmış dörd manat səksən altı qəpik) manat məbləğində faiz borcu qismən, yəni iş üzrə verilmiş ekspert rəyinə uyğun olaraq, 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu məbləğində müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 103.96 (yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 5 (beş) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə məbləğinin iddiaçının tələb etdiyi miqdarda təmin edilməsi üçün iddiaçı tərəfindən sübut da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cərimə məbləği xeyli miqdarda iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmə hesab edir ki, cərimə məbləği 5 manat təyin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 5111.36 (beş min yüz on bir manat otuz altı qəpik) manat əsas, 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat faiz, 5 (beş) manat cərimə, cəmi 5157.60 (beş min yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməlidir. İddia tələbi iddiaçının tələbinə uyğun qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 76.21 (yetmiş altı manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia tələbi iddiaçının tələbinə uyğun qismən təmin edildiyindəniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5111.36 (beş min yüz on bir manat otuz altı qəpik) manat əsas, 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat faiz, 5 (beş) manat cərimə, cəmi 5157.60 (beş min yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 76.21 (yetmiş altı manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar