Məhkəmə qərarları › İş №e-2(029)-368/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-368/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-368/2022 15.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat faiz borcu olmaqla cəmi 7012.03 (yeddi min on iki manat üç qəpik) manat borcun və 90.53 (doxsan manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı ASC məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixə 5392.01 manat əsas borc, 4554.22 manat məbləğində faiz borcu olmaqla, cəmi 9946.23 (doqquz min doqquz yüz qırx altı manat iyirmi üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 90.53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, onunla borcalan Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tariхli, 301804-69205/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 25% dərəcəsi ilə 6910 (Altı min doqquz yüz on) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 08 fevral 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat faiz borcu оlmaqla, ümumilikdə 7012.03 (Yeddi min on iki manat üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, işlərin çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklər, iddianı müdafiə edirlər. Ona görə də, işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ASC özü ona SMS göndərərək aşağı faizlə kredit götürməyi təklif etmiş, buna görə də, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, həmin bankdan 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6910 manat məbləğində kredit götürmüşdür. O krediti götürməmişdən əvvəl illik faiz dərəcəsinin 15 faiz olduğunu zənn etmiş, lakin pulu götürərkən bankın həmin pulu ona illik 25 faiz dərəcəsi ilə verdiyini öyrənmişdir. O, 2021-ci ilin iyun ayına kimi hər ay vaxtında krediti ödəmişdir. Sonradan aldığı əmək haqqı azalmış, iş yerinə gedib-gəlmək xərcləri də nəzərə alınmaqla kredit borcunu ödəyə bilməmişdir. Hazırda qaynanası xəstədir, əri isə işləmir. O, indiyədək cəmi 4540 manat pul ödəmişdir. Bankın ona hesabladığı əsas və faiz borclarının məbləği ilə razı deyil, bank ondan götürdüyü kreditin məbləğindən çox pul istəyir. Axırıncı ödənişin qəbzi onda qalmış, qalan qəbzlər isə onda qalmamışdır. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, iddiaçının tələb etdiyi borcla razı olmadığından vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən rəy verilmişdir. Həmin rəydə onun əsas borcunun 5786.22 manat, faiz borcunun isə 497.57 manat olması göstərilmişdir. Bundan başqa, İddiaçı ASC məhkəməyə ərizəyə əlavə təqdim edərək ondan iddiaçının xeyrinə 5392.01 manat əsas, 4554.22 manat faiz olmaqla cəmi 9946.23 manat borcun tutulmasını xahiş etmişdir. O, İddiaçı ASC-nin həmin tələbini qəti qəbul etmir və bank onun üzərinə əlavə öhdəlik qoymaqla ondan əlavə pulların tutulmasına nail olmaq istəyir, bu isə düzgün deyildir. Hazırda o, ekspert rəyi ilə qismən razıdır. Belə ki, ekspert rəyində göstərilmiş 5786.22 manat əsas məbləğin ondan tutulmasına razı deyil, faiz borcu kimi hesablanmış 497.57 manat pul məbləğinin tutulmasına razıdır. Çünki, iddiaçı iddia ərizəsində ondan əsas borc kimi 5392.01 manat tutulmasını xahiş etmişdir. Odur ki, ondan iddiaçının xeyrinə 5392.01 manat məbləğində əsas, 497.57 manat məbləğində faiz borcunun tutulması, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan başqa, şəxsi işləri ilə bağlı xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasına və ondan sonrakı məhkəmə iclaslarına gələ bilməyəcək və işə onun iştirakı olmadan baxılmasını, yuxarıda qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə şəxsi istehlak məqsədi üçün 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 25 faiz dərəcəsi ilə, 48 ay müddətinə 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit götürmüşdür. Belə ki, 08 fevral 2022-ci il tarixə borcalanın banka 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7012.03 (yeddi min on iki manat üç qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 267 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7039 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 17 yanvar 2020-ci il tarixli 301804- 69205/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə olan borcu 6283,79 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 5786.22, manat faiz borcu üzrə 497.57 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7039 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7039 saylı ekspert rəyini müzakirə edərək həmin rəyi cavabdehin banka olan kredit borcunun məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 25% dərəcəsi ilə 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının yuxarıda göstərilən məlum rəyinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin banka olan əsas borcu 5786.22 manat, faiz borcu 497.57 manat, cəmi kredit borcu isə 6283,79 manat məbləğində müəyyən edilir. Ekspert rəyində cavabdehin banka olan əsas borcunun məbləği 5786.22 manat göstərilsə də, iddiaçı özünün iddia ərizəsində cavabdehdən əsas borca görə 5392.01 manat məbləğində pul tələb etmişdir. Belə olan halda, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehdən əsas borca görə 5392.01 manat, faiz borcuna görə isə ekspert rəyində göstərildiyi kimi 497.57 manat, cəmi isə 5889,58 manat məbləğində borc tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsini müzakirə edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan borc münasibətləri hazırda da davam edir, kredit müqaviləsinin müddəti bitməmişdir, cavabdehin iddiaçıya olan borcunun məbləği gündəlik olaraq dəyişir. Bu səbəbdən də, məhkəmə hazırkı halda iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsini qəbul etməyərək həmin tələb üzrə qətnamə çıxarılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 90.53 (doxsan manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Bundan başqa, iş üzrə 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertrizası cavabdeh tərəfin vəsatəti əsasında təyin edildiyindən Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 nömrəli kredit müqaviləsi üzrə 5392.01 manat məbləğində əsas borc və 497.57 manat məbləğində faiz borcu olmaqla, cəmi 5889,58 (beş min səkkiz yüz səksən doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 90.53 (doxsan manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar