Məhkəmə qərarları › İş №e-2(029)-38/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-38/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-38/2025 05.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyanın və ödənilmiş 31.00 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 18:40 radələrində Quba rayonunun Vladimirovka kəndi ərazisində ekskovatorla qazıntı işləri aparılan zaman İddiaçı (bundan sonra İddiaçı MMC) Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X1 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabeli qırılmışdır. FO- 24 rabitə kabelinin qırılması nəticəsinə İddiaçı MMC-yə 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin Cavabdeh oğul tərəfindən qırılması ilə əlaqədar cavabdehin iştirakları ilə xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2020-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin zərər bu günədək ödənilməmişdir. 21 noyabr 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixində ekskovatorla qazıntı işləri aparılan zaman ehtiyatsızlıq nəticəsində İddiaçı Xətt Təsərrüfatına Xidmət Şöbəsinin balansında olan FO-24 markalı rabitə kabeli qırılıb. FO- 24 rabitə kabelinin qırılması nəticəsinə İddiaçı MMC-yə 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyan dəyib. Bu barədə cavabdehin iştirakı ilə akt təsdiq edib və imzalarla təsdiq edib. Qırılmış xətt Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 3-cü bəndinin tələblərinə uyğun olaraq xəttin keçdiyi magistral boyu nişanlar quraşdırılmışdır. Hadisə nəticəsində İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətə 1020,60 manat ziyan dəymişdir. Buna görə də Cavabdeh 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyanın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dairqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 07 noyabr 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, orada quyu qazanda reyestrdən adam gətirib ölçü işləri gördürmüş, həqiqətən onun torpaq sahəsi olduğuna əmin olduqdan sonra qazıntı işləri görmüşdür. Həmin ərazidə heç bir nişanlanma olmamışdır. Həmin ərazi ailəsinə verilmiş pay torpaq sahəsidir. Həmin yer ona 2006-cı ildə verilib, 2008-ci ildən o, həmin yerdən istifadə edir. Həmin ərazidən xətt keçdiyini bilməmişdir. O, orada hər hansı işarə görsəydi qazındı işləri aparmazdı. Sonuncu məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəf izahatında bildirmişdir ki, həmin ərazi ona məxsus pay torpaq sahəsidir, həmin ərazi də heç bir nişanlanma aparılmamış, nişanlar qoyulmamışdır. Bundan başqa Qusar rayon məhkəməsinin xx.xx.2024; xx.xx.2024; xx.xx.2025-ci il tarixli qərardadları məhkəmə texniki ekspertizası təyin edilmiş, JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirmi və ya keçibməmsi; JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirsə və ya keçibsə hansı dərinlikdən keçib və ya keçməməsi; JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirsə və keçibsə kabel xəttinin mühafizəsi və qorunması ilə bağlı qaydalara riayət olunub-olunmaması sualları qoyulmuş, lakin məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, səbəb olaraq tikinti-texniki obyektlərin tədqiq ekspertizasinin həll etdiyi məsələlər dairəsinə aid olmaması ilə əlaqədərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə, sonda işə tərəflərin təqdim etdiyi sübutlara əsaslanaraq yekun məhkəmə aktını qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddiaçının iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumunun ödənilməsinə dair hissədə iddia, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar