Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-399/2023 24.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 12902 manat, əmlakına vurduğu 940 manat hüquqi yardıma görə ödədiyi və 3050 manat yol xərcini, 3000 manat mənəvi zərəri, ümumilikdə 19982 (on doqquz min doqquz yüz səksən iki min) manat pulun alınaraq ona ödənməsi və bu iş üzrə ödədiyi 150 manat dövlət rüsumunun da alınaraq ona verilnəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1 -ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri onun xüsusi mülkiyyətindədir. O, Rusiya Federasiyasında yaşayır. Son illər xəstələndiyinə və başqa obyektiv səbəblərə görə Azərbaycana gələ bilməmişdir. 2020-ci ilin yaz aylarında ona xəbər çatmışdır ki, yuxarıda göstərdiyi hər iki mənzili sökülmüşdür. Buna görə də Qusar rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Onun müraciətindən sonra Qusar rayon Polis Şöbəsində AR CM-nin 186.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. İstintaqla müəyyən olunmuşdur ki, onun mənzillərinin sökülməsində Cavabdeh təqsirldir. İstintaq başa çatandan sonra AR CM-nin 186.1-ci maddəsi ilə olan cinayət işi baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə və iş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin 01 iyun 2021-ci il tarixli 1-519 saylı məktubundan və ona əlavə olunmuş ünvan 1 ünvanda olan İddiaçı məxsus sökülmüş 1 və 2 saylı mənzillərin bərpası üçün tərtib edilmiş smetalardan görünür ki, 1 saylı mənzilin bərpasına 7888.8 (yeddi min səkkiz yüz səksən səkkiz manat səksən qəpik), 2 saylı mənzilin bərpasına 7389.8 (yeddi min üç yüz səksən doqquz manat səksən qəpik), hər iki mənzilin bərpasına isə cəmi 15278.6 (on beş min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat vəsait tələb olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 14 iyun 2021-ci il tarixli 10/2568 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 12902,0 manat məbləğində müəyyən olunub. Həmçinin Qusar rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 5(029)-28/2021 saylı qərarına əsasən Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Bundan başqa Qusar rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli 5(029)- 29/2021 saylı qərarına əsasən Cavabdeh mülkiyyətində olan, Qusar şəhərində yerləşən 0,06 ha və 0,02 ha torpaq sahələrinin özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (notariat kontorunda alqı-satqısının) qarşısını almaqla həmin torpaq sahələrinin üzərlərinə həbs qoyulmuşdur. Qusar rayon məhkəməsi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməməsi və cinayət nəticəsində zərərçəkmiş şəxs olaraq ona dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə xx.xx.2022-ci il tarixdə 1(029)-27/2022 nömrəli hökm çıxarmışdır. Kərimxanaova Anfisanın apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya məhkəməsi 1(105)-53/2023 nömrəli 1 9.01.2023- cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin hökmü ləğv edilərək cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxs olaraq ona dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi cavabdeh əmlakını məhv edərək ona xeyli miqdarda ziyan vurduğu tam sübuta yetirilmişdir. Özünün təqsirli olmasını o, Sumqayıt Apellyasiya Məhkəməsində verdiyi ifadəsi və ərizəsi ilə etiraf etmişdir. Məlumat üçün onu da bildirir ki, həm 1-ci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində ona dəymiş ziyan ödənilmədiyindən üzərinə həbs qoyulması qeyd edilən mənzil və torpaq sahələrinin həbsdən azad edilməsi məqsədə müvafiq hesab edilməmişdir. AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin onun əmlakını məhv etməsi AR MMnin 14.2-ci maddəsində nəzərdə tutulmuş mülki hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Belə ki, həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən bu əsaslardan biri başqa şəxsə zərər vurulmasıdır. Cavabdeh onun əmlakını məhv etməklə ona həm də böyük mənəvi zərər vurmuşdur. O, pensiyaya çıxandan sonra Azərbaycana qayıdaraq onun anasının yaşadığı, uşaqlığı keçirtdiyi və ona son dərəcə əziz olan evini təmir etdirərək orada yaşamaq istəyirdi. O, cavabdehin ona qarşı törətdiyi bu cinayət əməli səbəbindən ağır sarsıntıya məruz qalmışdır və mənəvi zərbə almışdır. Həmin mənzillər ona anasının yadigarı idi, onların məhv edilməsi ona mənəvi cəhətdən də əzab verir. O, Vətəninə gələndə bu hisslər ona çox üzücü təsir göstərir. Əlavə olaraq qeyd etmişdir ki, onun evində onun icazəsilə uzun müddət Qusar rayonu Qalacıq kənd sakini Teymur adlı şəxs öz ailəsi ilə birgə olaraq yaşamışdır. Orada normal yaşayış şəraiti olub, həmin ailə bütün kommunal xidmətlərdən yararlanırdı, yəni mənzillərdə qaz və elektrik təminatı var idi və işlədici cihazlarından istifadə olunurdu. Cavabdeh bu əməli ona həm də əlavə maddi ziyanlara da səbəb olub. Belə ki, bu hadisə baş verəndə o, Qusar RPŞ-nin çağırışına əsasən zərərçəkən qismində Rusiya Federasiyasından onun üçün son dərəcə əlverişsiz olan şəraitdə gəlməyə məcbur olmuşdur. Həmin vaxtı hamıya məlum oduğu kimi ölkələr arasında karantin səbəbindən gediş-gəliş məhdudlaşdırılmışdı. Sərhəddi keçəndən sonra müəyyən vaxt ərzində karantin şəraitində saxlanma qaydası var idi. Daha sonra Qusar rayon məhkəməsində yuxarıda göstətdiyi cinayət işinə baxılarkən o, yenə də məhkəməyə dəvət olunmuş və gəlib məhkəmədə ifadə vermişdir. Bu səfərləri zamanı yola və Qusar şəhərində yaşamağa, yəni evinin qalmaması səbəbindən mehmanxanaya da xeyli vəsait sərf etmişdir. Bundan başqa hadisə ilə əlaqədar cinayət isinin istinqaqı zamanı, 1-ci instansiya və apellyasiya instansiyası məhkəmələrində onun təmsil olunmağı və hüquqlarının müdafiəsi üçün nümayəndə və vəkil xidmətindən yararlanmalı olmuşdur. Həmin mərhələlərin hər birində 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat, cavabdehə qarşı qaldırdığı bu iddia ilə də əlaqədar olaraq hal hazırkı iş üzrə isə 340 (üç yüz qırx) manat xidmət haqqı ödəmişdir. Beləliklə hüquqi yardıma görə cəmi 940 (doqquz yüz qırx) manat ödəmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Qusar şəhəri Ç.Qurbanov küçəsində iddiaçının mənzili olub. Həmin mənzil cavabdeh tərəfindən sökülüb. Həmin hal Qusar RPŞ-də istintaq aparılanda, Qusar Rayon Məhkəməsində cinayət işinə baxılanda tam sübuta yetirilib.Qusar Rayon Məhkəməsi həmin fakt üzrə ittihamedici hökm çıraxılıb, cavabdeh təqsirini boynuna almadığı üçün müddət keçdiyindən xitam edə bilmədi. Cavabdeh və vəkili hökmdən apelyasiya şikayət verdi, Sumqayıt Apellyasiya Məhkəməsində cavabdeh vurulmuş ziyanı etiraf etdi və cinayət işinə xitam verildi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin mülki iddiası olub, lakin rüsum ödənilmədiyindən iddia ərizəsi geri qaytarıldı. İstintaq zamanı o, cavabdehə dəymiş zərərlə bağlı razılığa gəlməsini təklif etmiş, lakin cavabdeh onların tələb etdikləri məbləğin ödənilməsinə razı olmamışdır. İddia tələbində göstərilmiş 940 manatla bağlı bank qəbzləri var. Yol xərclərinə görə 3000 manatla bağlı biletlər var, rus rublu həmin vaxtkı məzənnəyə əsasən hesablanmışdır. Həmin vaxtın məzənnəsi ilə bağlı hər hansı sənəd və sübut yoxdur. 32570 rus rublun, 368 avronun və 48244 rus rublun həmin vaxtda manatla məzənnəsi nə qədər olması barədə banka müraciət edilməmişdir. Mənəvi zərərlə bağlı iddiaçı bir neçə dəfə gəlib gedib, strest keçirdib, mənəvi cəhətdən ona ziyan dəyib, anasının yaşadığı, özünün uşaqlığı keçdiyi evi dağıdıb, bura gələndə evin dağıtdığını görəndə pis olub, gələndə qalmağa yeri qalmayıb. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o ancaq ekspertizanın rəyində göstərilən məbləği 12902 manatı qəbul edir, qalan tələbi qəbul etmir, onun maddi imkanı yoxdur. O, hüquqi yardıma görə tələb olunan 940 manatı, 3000 manat yol xərcini, mənəvi zərərə görə tələb olunan 3000 manatı və qalan tələb olunan pulları da qəbul etmir. Odur ki, iddianın qismən təmin olunmasna dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 1(029)-27/2022 saylı Qusar rayon Məhkəməsinin Hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməmiş, Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 1(105)-53/2023 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2022- ci il tarixli, 1(029)-27/2022 nömrəli hökmü ləğv edilməsi, Cavabdeh Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi, Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Femida Vəkil bürosuna 940 manat xidmət haqqı ödənilmişdir. İşdə olan 12 mart 2021-ci il tarixli elektron biletin surətindən görünür ki, Hacıyev Elman 01 aprel 2021-ci il tarixdə Yekaterinburqdan Bakıya və 08 aprel 2021-ci il tarixdə Bakıdan Yekaterinburqa uçuş biletləri üçün 48244 rubl pul ödəmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Göründüyü kimi, işin mübahisə edilməyən faktiki halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə, yəni həmin şəxsin əmlakını qəsdən məhv etməklə ona 12902,00 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh törətdiyi cinayət hadisəsini ilkin araşdırılması, ibtidai istintaq və məhkəmə istintaqının həyata keçirilməsi zamanı bir sıra məcburi və zəruri xərclər çəkmiş, bununla bağlı Rusiya RF-dan Azərbaycana gəlmiş və buna görə 32570 (otuz iki min beş yüz yetmiş) Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla isə cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya rublu miqdarında xərc çəkmişdir. Bundan başqa, iddiaçı vəkillə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 940 manat məbləğində xərc çəkmişdir. İddia tələbində göstərilən mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 500 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh əmlaka vurduğu ziyana görə 12902 (on iki min doqquz yüz iki) manat, hüquqi yardıma görə ödədiyi 940 (doqquz yüz qırx) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 (otuz iki min beş yüz yetmiş) Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya rublu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmlaka vurduğu ziyana görə 12902 (on iki min doqquz yüz iki) manat, hüquqi yardıma görə ödədiyi 940 (doqquz yüz qırx) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 (otuz iki min beş yüz yetmiş) Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya rublu və 150 (yüz əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-399/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-399/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver