Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-403/2023 01.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəniş formasının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment ödəniş formasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-275/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh ilə birgə nikahdan anadan olmuş 09 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 21 noyabr 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından onların xx.xx.2017-cı il təvvəlüdlü X10 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün İddiaçı Cavabdeh ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(029)- 325/2020 saylı Qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşağı xx.xx.2017-cı il təvvəlüdlü X10 iddiaçının himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 20 iyun 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsinə əsasən azyaşlı uşağın saxlanılması üçün Cavabdeh hər ay qazancının dördə bir hissəsi miqdarında aliment və həmin uşağın üç yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Bundan sonra iddiaçı Cavabdeh iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət edərək, Qusar rayon Məhkəməsinin 20 avgust 2020- ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulan aylıq qazancının dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin azyaşlı uşağı, 09 iyun 2017-ci il təvəllüdlü X6 adına açılacaq bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Qusar rayon Məhkəməsi 2(029)-275/2021 saylı,xx.xx.2021-ci il tarixdə Qətnamə ilə iddia təmin edilərək Qusar rayon Məhkəməsinin xx.xx.2020-c il tarixli,2(029)-325/2020 saylı qətnaməsi ilə Cavabdeh 09 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 xeyrinə tutulmuş aylıq qazancının dörddə bir (1/4) hissəsi miqdarında alimentin 40 (qırx) faiz hissəsini Elgün Poladovun adına açılmış bank hesabına köçürülməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Poladov X11 rayon Məhkəməsinin qeyd edilən Qətnaməsini icra etməmiş, 09 iyun 2017-ci il təvəllüdlü uşaqları X6 adına ümumiyyətlə bank hesabı açmamış müxtəlif bəhanələrlə aliment ödənişindən boyun qaçırmışdır. Cavabdeh hazırda rəsmi olaraq heç yerdə işləmədiyindən rəsmi aylıq əmək haqqısı yoxdur. Buna görə də Qusar rayon Məhkəməsinin müəyyən etdiyi aliment miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, uşağın saxlanması üçün iddiaçıya hər ay 100-110 manat məbləğində aliment verə bilər. Hazırda o, kənddə yaşayır, rəsmi iş yeri yoxdur. İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaq hazırda iddiaçının himayəsindədir. Həmin uşağın altı yaşı var. O, əvvəllər hərbçi işləmiş, əmək haqqından hər ay 130 manat aliment tutulmuşdur. İddiaçı ilə ayrıldıqdan sonra o, təzədən ailə həyatı qurmuş, həmin nikahdan da iki qız uşaqları anadan olmuşdur. Hazırda o, işləmir, kənddə mal-qara saxlayır, az miqdarda təsərrüfat işləri ilə məşğul olur. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-325/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında 21 noyabr 2016-cı il tarixdə Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyində 11 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları-09 iyun 2017-ci il təvəllüdlü X10 iddiaçı X1 yanında saxlanılması, 12 fevral 2020-ci il tarixdən başlayaraq 09 iyun 2017-ci il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment və həmin uşağın üç yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-275/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsi ilə Cavabdeh 09 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 xeyrinə tutulmuş aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir (1/4) hissəsi miqdarında alimentin 40 (qırx) faiz hissəsi Elgün Poladovun adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir. İşdə olan AZ-İ 410078 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 30 sentyabr 2020-ci il tarixdə Qusar rayon Məhkəməsinin Qətnaməsinə əsasən xitam verilmişdir. Nikah pozulduqdan sonra qadın “Sadirova”soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 668764 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31 yanvar 2022-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İşdə olan AZ-İV 825227 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 yanvar 2022-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-325/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə Cavabdeh arasında 21 noyabr 2016-cı il tarixdə Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyində 11 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları-09 iyun 2017-ci il təvəllüdlü X10 iddiaçı X1 yanında saxlanılması, 12 fevral 2020ci il tarixdən başlayaraq 09 iyun 2017-ci il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment və həmin uşağın üç yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Cavabdeh hazırda rəsmi, stabil gəliri yoxdur, qazancı dəyişkən xarakter daşıyır. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan aliment sabit pul məbləğində tutulmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə alimentin miqdarının iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 140 (yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda cavabdehin həmin məbləğdə alimenti ödəmək iqtidarında olması, buna imkan verən gəlirlərinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəf mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra yenidən evlənmiş, və həmin nikahdan 2 uşağı var. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı qızı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1680 manat (12 X 140=1680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, X3 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.80 manat, cəmi isə 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Qusar rayon Məhkəməsinin 2(029)-275/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 09 iyun 2017-ci il təvvəlüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-403/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-403/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver