Məhkəmə qərarları › İş №e-2(029)-461/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-461/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-461/2025 25.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1779.64 AZN əsas, 75,01 AZN faiz, 13,21 AZN cərimə, cəmi 1867,86 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 39,08 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 528nkNFT/24 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 2605 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabı açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2021ci il tarixli 2405nkAHM/21 saylı kredit müqaviləsi üzrə və xx.xx.2020-ci il tarixli 6790sSTB2/20 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesablarından çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 2605 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabı açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş, bu barədə cavabdehə 23 dekabr 2024-cü il tarixli bildiriş göndərilmiş, həmin bildirişdə cavabdehin banka 2300,6 manat əsas, 78,31 manat faiz, cəmi 2378,91 manat borcunun olduğu qeyd olunmuş, həmin borcu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış müqavilənin ləğv edilməsi cavabdehə təklif edilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 528nkNFT/24 saylı kredit müqaviləsi üzrə 07 mart 2025-ci il tarixinə banka 1779,64 manat əsas, 75,01 manat faiz, 13,21 manat cərimə, cəmi isə 1867,86 manat borcu vardır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh krediti müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1779,64 manat əsas, 75,01 manat faiz, 13,21 manat cərimə, cəmi isə 1867,86 manat məbləğində borc tutularaq “X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, «X1» ASC tərəfindən ödənilmiş 39,08 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1779,64 (min yeddi yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat əsas, 75,01 (yetmiş beş manat bir qəpik) manat faiz, 13,21 (on üç manat iyirmi bir qəpik) manat cərimə, cəmi isə 1867,86 (min səkkiz yüz altmış yeddi manat səksən altı qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 39,08 (otuz doqquz manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq «X1» ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar