Məhkəmə qərarları › İş №e-2(029)-476/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-476/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-476/2022 25.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 67.80 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 248 manat 20 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən həmin MMC-yə məxsus Bakı şəhəri Xətai rayonu Telnov (ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin sahibi avqust 2013-cü il – may 2014-cü il tarixlərdə cavabdeh olmuş və orada qeydiyyatsız olaraq yaşamışdır. Belə ki, 11.06.2012-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.05.2013cü il tarixinədək etmiş və həmin ünvan 22.08.2013-cü il tarixdə 33.60 manat borc ilə şəbəkədən ayrılmışdır. 30.10.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinin nümayəndəsinin, eləcə də cavabdehin iştirakı ilə sözü gedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, cavabdeh “K@TV1”-yə baxdığını etiraf etmiş, bu barədə 0012L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 05.04.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin, eləcə də cavabdehin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0280N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanda kabel şəbəkəsindən ayrıldığı 22.08.2013-cü il tarixdən təkrar qanunsuz qoşulma faktının aşkar olunduğu 05.04.2014-cü il tarixə qədər olan müddət 226 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 67.80 manat təşkil edir. İddiaçı MMC-yə (KATV1) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə icraatın bütün mərhələlərində iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclas katibi Hümmət Ağaliyev cavabdehin istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək əlaqə saxlamış və ondan məhkəmə iclasına gəlib gəlmədiyini soruşmuşdur. Cavabdeh təyin olunmuş məhkəmə iclasına uşağı dərsə apardığına görə gələ bilmədiyini, iddianı qəbul etdiyini, 248 manat 20 qəpiyi gün ərzində İddiaçı MMC-yə ödəyəcəyini, məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli 02/57 saylı arayışdan görünür ki, "xxxx" MMC-yə məxsus Xətai rayonu Telnov (Xocalı) küçəsi 2347/48-ci məhəllə üvvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında avqust 2013-cü ildən may 2014-cü il tarixədək 216 saylı mənzilin sahibi Cavabdeh olmuşdur və o, həmin mənzildə qeydiyyatsız olaraq yaşamışdır. İşdə olan X2 (Ədalət-A), X1 (KATV 1), Məmmədov S. (R.İ.T.N) və Cavabdeh (sakin) tərəfindən tərtib olunmuş 30 oktyabr 2013-cü il tarixli 0012 L saylı aktın surətindən görünür ki, 30 oktyabr 2013-cü il tarixdə Xətai rayonu Xocalı 2347/48 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 216 saylı mənzilinin sakini Cavabdeh tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən mənzil sakini Cavabdeh akta imza çəkmişdir. İşdə olan X1 (Ədalət-A), X4 (KATV 1), Məmmədov S. (R.İ.T.N) tərəfindən tərtib olunmuş 05 aprel 2014-cü il tarixli 0280 N saylı aktın surətindən görünür ki, 05 aprel 2014cü tarixdə Xətai rayonu Xocalı 2347/48 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 216 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən mənzilin qapısını açan olmamışdır. İşdə olan İddiaçı MMC (KATV1) tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli arayışdan görünür ki, həmin MMC ilə Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanda yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 11.06.2012-ci il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub və 01.05.2013-cü il tarixinədək isə son ödəməsini etmişdir. 22.08.2013-cü il tarixdə 33.60 manat borc ilə şəbəkədən ayrılmışdır. İşdə olan 04 yanvar 2018-ci il tarixli hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı MMC müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoyulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını (bundan sonra “xidmətlər”) sifariş verib "xxxx" MMC-yə razılaşdırılmış xidmətlərin haqqını ödəyir. "xxxx" MMC isə İddiaçı MMC-yə xidmətləri göstərir. İşdə olan 19 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı MMC "xxxx" LLC-nin hesabına hüquq xidmətlərə görə 150 manat pul ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC (KATV1) ilə Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanda yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 11.06.2012-ci il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub və 01.05.2013-cü il tarixinədək isə son ödəməsini etmişdir. Cavabdeh 22.08.2013-cü il tarixdə 33.60 manat borc ilə şəbəkədən ayrılmışdır. 30.10.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinin nümayəndəsinin, eləcə də cavabdehin iştirakı ilə sözü gedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, cavabdeh “K@TV1”-yə baxdığını etiraf etmiş, bu barədə 0012L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 05.04.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə təkrar baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0280N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. AG Telekom” MMC-nin kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yuxarıda göstərilən ünvanda kabel şəbəkəsindən ayrıldığı 22.08.2013-cü il tarixdən təkrar qanunsuz qoşulma faktının aşkar olunduğu 05.04.2014-cü il tarixə qədər olan müddət 226 gün təşkil edir. Cavabdeh tərəfindən müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 67.80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin (KATV1) öz tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 67.80 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, ümumilikdə 248 manat 20 qəpik məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 121, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 67.80 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, ümumilikdə 248 manat 20 qəpik məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar