Məhkəmə qərarları › İş №e-2(029)-485/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-485/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-485/2024 07.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə X13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/124529/15 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 1887.59 (min səkkiz yüz səksən yeddi manat, 59 qəpik) manat məbləğində əsas borc, 264.71 (iki yüz altmış dörd manat, 71 qəpik) manat məbləğində faiz borcu, 1060.17 (min altmış manat, 17 qəpik) manat məbləğində cərimə borcu, 614.12 (altı yüz on dörd manat, 12 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3826.59 (üç min yeddi yüz iyirmi altı manat, 59 qəpik) manat məbləğində pulun, 58.27 (əlli səkkiz manat, 27 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə X13 arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/124529/15 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən borcalana illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1887.59 (min səkkiz yüz səksən yeddi manat, 59 qəpik) manat məbləğində əsas borc, 264.71 (iki yüz altmış dörd manat, 71 qəpik) manat məbləğində faiz borcu, 1060.17 (min altmış manat, 17 qəpik) manat məbləğində cərimə borcu, 614.12 (altı yüz on dörd manat, 12 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3826.59 (üç min yeddi yüz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC "xxxx" KB yaranmış borc tələbinə dair cavabde X4rşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(029)-731/2018 saylı qərardad ilə mülki iş üzrə icraat hüquqi varis müəyyən edilənədək dayandırılmışdır. Daha sonra, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-16/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə vəkil sorğusu ilə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X6 adına Qusar rayon Notariat ofisində vərəsəlik işinin açılması müəyyən edilmişdir. Daha sonra yenidən tərəflərindən xx.xx.2022ci il tarixdə Qusar rayon Notariat ofisinə müraciət edilmişdir. Müraciətlərinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhum X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdeh müraciət etmişdir. İddiaçı QSC "xxxx" KB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbıərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan QSC "xxxx" KB ilə X13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/124529/15 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/124529/15 saylı kredit müqaviləsi üzrə X6 banka 1887.59 (min səkkiz yüz səksən yeddi manat, 59 qəpik) manat məbləğində əsas borc, 264.71 (iki yüz altmış dörd manat, 71 qəpik) manat məbləğində faiz borcu, 1060.17 (min altmış manat, 17 qəpik) manat məbləğində cərimə borcu, 614.12 (altı yüz on dörd manat, 12 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3826.59 (üç min yeddi yüz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcu qalmışdır. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli X-159 saylı mıəktubdan görünür ki, həmin notariat ofisinə xx.xx.2021-ci il tarixdə Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciəti daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə 271 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Lakin, bu günə qədər vərəsələrə müvafiq şəhadətnamə verilməmişdir. İşdə olan KOD 30100018 JN:284 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 5.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6, Cavabdeh, X1, X2 və X5 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-63-31.xx-xx/2024 saylı məktubundan görünür ki, mərhum X8 və ailə üzvlərinə (Cavabdeh, X9, X11) məxsus 5.59 ha torpaq sahəsi Aşağı Ləgər kənd sakini X7 (1.59 ha) və Aşağı Ləgər kənd sakini X3 (4.0 ha) tərəfindən uzun illərdir ki, istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq X13 “Kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş və həmin müqavilə üzrə kredit üzrə əsas borc 1887,59 manat, müqavilə müddəti bitən tarixə faiz borcu 264,71 manat təşkil edir. Azərbaycan Respubliksaı Mülki Məcəlləsini 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdən məlumdur ki, sözügedən kredit müqaviləsi üzrə kredit götürən borclu X13 30 noyabr 2016-cı il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi - Cavabdehdır və sonuncu mərhum X6 mirası üzrə (Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 5.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) əmlak hüquqları ilə yanaşı hazırki kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə də məsuldur və iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə aşagıdakı nəticəyə gəlir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin tələbləri irəli sürmüş olsa da, həmin hissədə iddia tələbini ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddia ərizəsinə əlavə olunmuş "xxxx" QSC-nin X13 arasında bağlanmış 21 avqust 2015-cü il tarixli 1xx/xx/124529/15 saylı kredit müqaviləsinin 5.2-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, Borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o, cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün “Kreditor”a vaxtında qaytarılmayan məbləğin illik 50 faiz miqdarında cərimə ödəyir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 1060,17 manat tutulması barədə tələb irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1060,17 manat məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasına dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Bu baxımdan qeyd edilməlidir ki, tərəflər (Borc alan və Borc verən ) arasında kredit münasibətləri yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 445.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”. Məhkəmə qeyd olunan maddi hüquq normanı təhlil edərək bunu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə görə kredit borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditora o halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu ola bilərdi ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da əks olunaraq vurğulanmışdır ki, “...öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”. Həmin Qərarın izahı isə ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" QSC-nin X13 arasında bağlanmış 21 avqust 2015-cü il tarixli 1xx/xx/124529/15 saylı kredit müqaviləsinin 5.2-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, Borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o, cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün “Kreditor”a vaxtında qaytarılmayan məbləğin illik 50 faiz miqdarında cərimə ödəyir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 1060,17 manat tutulması barədə tələb irəli sürülmüşdür. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhz digər əsaslardan çıxış edib cərimə borcunu tələb etdiyindən, əlavə olaraq illik 5 faiz hesablanmaqla öhdəliyin vaxtında icra edilməməsinə görə pul tələbi əsassızdır. Belə ki, əks yanaşma cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün iki əsasa görə mülki-hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olacaqdır, bu isə tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan maddi qanunvericiliyin tələblərinə əsasən yolverilməz hesab edilməlidir. Odur ki, "614,12 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğin tutulması" hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 58.27 (əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1887.59 (min səkkiz yüz səksən yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas, 264.71 (iki yüz altmış dörd manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat cərimə borcu, 614.12 (altı yüz on dörd manat on iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 2816,42 (iki min səkkiz yüz on altı manat qırx iki qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 58.27 (əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar