Məhkəmə qərarları › İş №e-2(029)-514/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-514/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-514/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 94,86 AZN əsas, 61,79 AZN cərimə, cəmi 156,65 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə ödəniş kartına (bundan sonra Kart adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış ödəniş kartına xidmət göstərilməsi haqqında müqaviləsinin 3.4.2-ci bəndinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Tərəflər arasında bağlanmış ödəniş kartına xidmət göstərilməsi haqqında müqaviləsinin 2.9-cu bəndinə əsasən müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri” “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30% məbləğində cərimə ödənişi həyata keçirilməlidir. İddiaçı Bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günki günə cavabdehin iddiaçı qarşısında 94,86 AZN əsas borc, 61,79 AZN cərimə borcu, cəmi 156,65 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh krediti müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş, bu barədə cavabdehə 29 noyabr 2023-cü il tarixli bildiriş göndərilmiş, həmin bildirişdə cavabdehin banka 94,86 manat əsas, 52,11 manat cərimə, cəmi 146,97 manat borcunun olduğu qeyd olunmuş, həmin borcu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış müqavilənin ləğv edilməsi cavabdehə təklif edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 3167ovBANK/22 saylı kredit müqaviləsi üzrə banka 94.86 manat əsas, 61.79 manat cərimə, cəmi isə 156,65 manat borcu vardır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış kredit sazişinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu əsas və faiz borclarını qaytarmamışdır. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdehin əsas borcuna dair göstərilən məbləğlərlə razılaşsa da, hesab edir ki, 61.79 manat məbləğində cərimənin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi, iddiaçı "xxxx" ASC özünün xx.xx.2023-cü il tarixli bildiriş məktubu ilə kredit müqaviləsini ləğv etmiş və həmin məktubda cavabdehin 94,86 manat əsas, 52,11 manat cərimə borclarının olduğunu göstərməklə həmin məbləğlərin ödənilməsini cavabdehdən tələb etmişdir. Bununla da həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış hüquq münasibətlərinə xitam verilmişdir. Belə olan halda, iddiaçının həmin vaxtdan sonra cavabdehə əlavə faiz və cərimə borclarının hesablanmasını məhkəmə qanuni və əsaslı hesab etmir. Məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən məhz həmin şəxsə ünvanlanmış bildiriş məktubunda göstərilən məbləğlərin ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 94.86 manat əsas, 52,11 manat cərimə, cəmi 146,97 manat məbləğində borc tutularaq “X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, «X1» ASC tərəfindən ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 94,86 (doxsan dörd manat səksən altı qəpik) manat əsas, 52,11 (əlli iki manat on bir qəpik) manat cərimə, cəmi 146,97 (yüz qırx altı manat doxsan yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30.00 (otuz) manat məbləğində pul vəsaiti tutularaq «X1» ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar