Məhkəmə qərarları › İş №e-2(029)-535/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-535/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-535/2024 27.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9045.66 manat məbləğində əsas kredit borcunun, 625.84 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 13.36 manat məbləğində cərimənin, cəmi 9684.86 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 116.85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ciil tarixli 13060***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 457.12 manat olmaqla hər ayın 6-dək ödənilmək şərti ilə) 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9045.66 manat məbləğində əsas kredit borcu, 625.84 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 13.36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9684.86 manat məbləğində borcu qalmaqdadır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ciil tarixli 13060***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 457.12 manat olmaqla hər ayın 6-dək ödənilmək şərti ilə) 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, həmin şəxsə borcun ödənilməsinin gecikdirildiyi, onun banka 9045,66 manat əsas, 521,77 manat faiz, 34,81 manat cərimə, cəmi 9593,24 manat məbləğində borcunun olduğu, onunla bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilərək kredit borcunun 3 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 9045.66 manat əsas, 625.84 manat faiz, 13,36 manat cərimə, cəmi 9684.86 manat borcunun olduğu qeyd edilmişdir. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə, iddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayşına istinadən həmin tarixə hesablanmış 9045.66 manat əsas, 625.84 manat faiz, 13.36 manat cərimə, cəmi 9684.86 manat borcun tutulması barədə iddia tələbi irəli sürsə də, məhkəmə aşağıdakılara əsasən hesab edir ki, "Bank Respublika” ASC-nin iddiası qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi, İddiaçı ASC özünün xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə kredit müqaviləsini ləğv etmiş və həmin məktubda cavabdehin 9045.66 manat əsas, 512.77 manat faiz, 34.81 manat cərimə borclarının olduğunu göstərməklə həmin məbləğlərin ödənilməsini cavabdehdən tələb etmişdir. Bununla da həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış hüquq münasibətlərinə xitam verilmişdir. Belə olan halda, iddiaçının həmin vaxtdan sonra cavabdehə əlavə faiz və cərimə borclarının hesablanmasını məhkəmə qanuni və əsaslı hesab etmir. Məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən məhz həmin şəxsə ünvanlanmış pretenziya məktubunda göstərilən məbləğlərin ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 9045.66 manat əsas, 512.77 manat faiz, 34.81 manat cərimə, cəmi 9593.24 manat məbləğində borc tutularaq “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 116,85 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9045.66 (doqquz min qırx beş manat altmış altı qəpik) manat əsas, 512,77 (beş yüz on iki manat yetmiş yeddi qəpik) manat faiz və 34,81 (otuz dörd manat səksən bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9593,24 (doqquz min beş yüz doxsan üç manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 116.85 (yüz on altı manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar