Məhkəmə qərarları › İş №e-2(029)-579/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-579/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-579/2023 05.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" QSC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh İlya oğlu arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 1xx/xx/113792/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4797.23 (dörd min yeddi yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 1365.10 (min üç yüz altmış beş manat on qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 471.68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu, 937.33 (doqquz yüz otuz yeddi manat otuz üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 7571.34 (yeddi min beş yüz yetmiş bir manat otuz dörd qəpik) manat məbləğində pulun, 95.72 (doxsan beş manat yetmiş iki qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh arasında 29 iyun 2015- ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/113792/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 4797.23 (dörd min yeddi yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 1365.10 (min üç yüz altmış beş manat, on qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 471.68 (dörd yüz yetmiş bir manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu, 937.33 (doqquz yüz otuz yeddi manat, otuz üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 7571.34 (yeddi min beş yüz yetmiş bir manat, otuz dörd qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, QSC “Bank Standard” KB (bundan sonra - bank) ilə Cavabdeh arasında 29 iyun 2015ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/113792/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. O, cavabdehin məhkəməyə göndərdiyi ərizədə qeyd edildiyi kimi bildirişlərin və xəbərdarlıqların çatmaması hissəsi ilə razı olmamış, iddia müddətinin ötməsini isə qəbul etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir, o, kredit aldığı vaxtdan artıq uzun müddət keçmişdir, indiyənə kimi ona bankdan hər hansı bildiriş və zəng gəlməmişdir, heç kim ona ödəniş edilməsini bildirməmişdir. İddiaçı təşkilat iddia müddətini ötürüb. Buna görə də iddia müddəti tətbiq edilərək ləğv prosesində olan "xxxx" QSC KB-nin ona qarşı olan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, işi ilə əlaqədar növbəti məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının nümayəndəsinin izayatını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2015- ci il tarixli 1xx/xx/113792/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 24 % dərəcəsi ilə 6000 (altmı min) manat məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan ləğv prosesində olan "xxxx" QSC tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli **********4000 saylı maliyyə arayışından görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2015- ci il tarixli, 1xx/xx/113792/15 saylı kredit müqaviləsi üzrə 28 aprel 2023-cü il tarixinə 4797.23 (dörd min yeddi yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 1365.10 (min üç yüz altmış beş manat on qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 471.68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu, 937.33 (doqquz yüz otuz yeddi manat otuz üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 7571.34 (yeddi min beş yüz yetmiş bir manat otuz dörd qəpik) manat borcu mövcuddur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 2016-cı il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 376-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013cü il tarixli qərarı. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edildi ki, hazırki iş üzrə iddia müddəti keçmişdir. Belə ki, iş materiallarında olan 29 iyun 2015-ci il tarixli, 1xx/xx/113792/15 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 48 (qırx səkkiz) ay müddətinə borc verilmişdir. İş materiallarından görünür ki, iddiaçının tələbi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında kredit müqaviləsi 29 iyun 2015-ci il tarixdə bağlanmış və müddəti 48 ay müəyyən olunmuşdur. Cavabdeh tərəfindən sonuncu ödəniş 20 dekabr 2016-cı il tarixdə ödənilmişdir. İddiaçının iddia ərizəsi isə məhkəməyə 21 iyun 2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə vəsatətlə müraciət etdiyindən iddia rədd edilməlidir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar