Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-643/2025 23.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 950 (doqquz yüz əlli) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 980 (doqquz yüz səksən) manat pulun iddiaçı "xxxx" ASC- nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi Pajero” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Qusar şəhəri, Z.Əliyeva küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Simruq” Kulturologiya Mərkəzinin binasına maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Simruq” Kulturologiya Mərkəzinin binasına dəymiş zərər üzrə 950 (doqquz yüz əlli manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Qusar RPŞ DYPB-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1078/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Mitsubishi Pajero” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AP0043647 saylı inzibati xəta haqqında protokolun və xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mitsubishi Pajero” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək saat 17:00 radələrində Qusar şəhəri, Z.Əliyeva küçəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Simruq” Kulturologiya Mərkəzinin binasına maddi zərər vurmuşdur. Sürücü yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Buna görə də, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi ilə bağlı akta əsasən hadisə nəticəsində X1 İdarəsinə 950 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində 950 manat məbləği zərərçəkmiş şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı cavabdehin inzibati məsuliyyətə cəlb olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, dəymiş ziyanla bağlı tərtib edilmiş akt və digər sənədlərlə, o cümlədən iddiaçının subroqasiya hüququnun yaranmasını təsdiq edən sığorta müqaviləsi və ödəniş tapşırığı ilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 950 manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 950 (doqquz yüz əlli) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-643/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-643/2025
23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver