Məhkəmə qərarları › İş №e-2(029)-681/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-681/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-681/2025 04.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6089.65 (altı min səksən doqquz ABŞ dolları 65 sent) ABŞ dolları təşkil edir. Bundan 2499.60 (iki min dörd yüz doxsan doqquz ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 875.91 (səkkiz yüz yetmiş beş ABŞ dolları 91 sent) ABŞ dolları faiz, 2350.49 (iki min üç yüz əlli ABŞ dolları 49 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.65 (üç yüz altmış üç ABŞ dolları 65 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 121.06 (bir yüz iyirmi bir manat 06 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 30 (otuz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7300 (yeddi min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-240008496 №-li xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə ********* nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6982.79 (altı min doqquz yüz səksən iki ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 31 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6871.47 (altı min səkkiz yüz yetmiş bir ABŞ dolları 47 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-E-41-5300/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 6089.65 (altı min səksən doqquz ABŞ dolları 65 sent) ABŞ dolları təşkil edir. Bundan 2499.60 (iki min dörd yüz doxsan doqquz ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 875.91 (səkkiz yüz yetmiş beş ABŞ dolları 91 sent) ABŞ dolları faiz, 2350.49 (iki min üç yüz əlli ABŞ dolları 49 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 363.65 (üç yüz altmış üç ABŞ dolları 65 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh1 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC-nin Qusar filialından 5600 manat məbləğində kredit götürmüşdür. Bank tərəfindən ona kredit manatla təqdim edilmişdir. Kredit üzrə vaxtlıvaxtında ödənişlər etmişdir. Lakin, dolların qalxması ilə əlaqədar qısa bir müddət ödəniş etməmiş və sonradan yenidən ödənişləri bərpa etmişdir. 2019-ci ildə Prezidentin fərmanına əsasən dolların məzənnəsinə uyğun olaraq artıq ödədiyi məbləğ “Azərpoçt” vasitəsi ilə ona geri qaytarılmışdır. Həmin vaxtdan sonar, yəni 2019-ci ildən 2025-ci ilin aprel ayınadək Bank tərəfindən ona kreditlə bağlı har hansı müraciət olmamışdır. 2025-ci ilin aprel ayında poçt vasitəsi ilə ona bildiriş göndərilmişdir. Həmin bildirşlə bağlı LPO İddiaçı ASC-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Quba filialına müraciət etmiş və həmin təşkilatdan onun ümumilikdə 6089 dolları məbləğidə borcu olduğunu bildirmişlər. Həmin pulun ondan tələb edilməsinə dair iddia ərizəsinə etiraz edir. Belə ki, həmin məbləğ dövlət tərəfindən tam olaraq bağlanmış və ümumiyyətlə borcu yoxdur. Lap borcu qalmış olsa belə 6089 manat məbləği obsurd bir məbləğdir və bu məbləğdə borc qalmalı deyildir. Belə ki, 6089x1.70=10351.3 manat təşkil edir. Halbuki, o, bankdan cəmi 5600 manat məbləğində kredit götürmüş və həmin məbləği də faizlə birlikdə ödəniş edib bitirmişdir. Hec bir sübut təqdim etmədən, yalnız müqaviləyə əsaslanaraq, səthi bir iddia ərizəsi göndərməklə hüquqi savadı olmyan bir vətəndaşdan mövcud olmayan borcun tələb edilməsi əsassız və qanunsuzdur. Bundan başqa, bankın zamindən pulu tələb etməsi hüququ yoxdur. Belə ki, zaminə qarşı tələb yalnız müqavilə müddətinin bitdiyindən sonra bir il müddətinə qaldırıla bilərdi. Lakin, bank həmin tələblə bağlı hər hansı müraciət etməmişdir. Odur ki, LPO İddiaçı ASC-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun ona və Cavabdeh2 qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh1 vaxtlı-vaxtında ödənişlər etmiş və ona bir zamin olaraq heç bir problem yaratmamışdır. Onun fikrincə həmin borc artıq bağlanmışdır. Belə ki, Cavabdeh1 kredit borcundan artıq ödənilmiş məbləğ də geri qaytarılmışdır. Hal-hazırada ona qarşı hissədə iddia tələb rədd olunmalıdır. Belə ki, zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 götürdüyü kredit borcunun öhdəliyi 2022-ci ildə birmişdir. Bank üç il keçdikidən sonra müraciət etmişdir. Odur ki, LPO İddiaçı ASC-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun ona və Cavabdeh1 qarşı olan iddia tələbinin ona aid hissəyə zaminliyə iddia müddətinin tədbiq edilməklə xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, kredit vəsaitini manatla götürülməsi barədə müraciət etsə də, müqavilədə ABŞ dolları göstərilmiş və həmin valyuta ilə hesablanmışdır. Onun banka ödədiyi pul vəsaitindən 5200 manat geri qaytarılmışdır. Bir müddət sonra onunla yeni müqavilə bağlanaraq yeni qrafik tərtib edilmiş, lakin bankın ləğv olunmasına görə pulu hara ödəmək lazım olduğunu bilməmişdir. Onunla bağlanmış müqavilənin müddəti ilk dəfə 2015-ci ildə uzadılmış, 2017-ci ildə ona pul qaytarılmış, eyni zamanda borca dair yeni qrafik tərtib olunmuş, müqavilənin müddəti xx.xx.2022-ci il müəyyən edilmişdir. Ona pul qaytarıldıqdan sonra o, heç bir ödəniş etməmişdir. Hazırda əsas borcu qaytarmağa razıdır, faiz və cərimə borcalarının isə ləğv edilməsini xahiş edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 30 (otuz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7300 (yeddi min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış ZM- 240008496 №-li xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasına Zamin durmuşdur. İşdə olan ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə ********* nömrəli Əlavə Sazişin surətindən görünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6982.79 (altı min doqquz yüz səksən iki ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. İşdə olan ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 31 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Sazişin surətindən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6871.47 (altı min səkkiz yüz yetmiş bir ABŞ dolları 47 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanmış 08 aprel 2025-ci il tarixli 12- 5/2-E-41-5300/2025 saylı bildirişdən görünür ki, onların LPO Banka 2499.6 (iki min dörd yüz doxsan doqquz ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 875.91 (səkkiz yüz yetmiş beş ABŞ dolları 91 sent) ABŞ dolları faiz, 2350.49 (iki min üç yüz əlli ABŞ dolları 49 sent) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 363,65 (üç yüz altmış üç ABŞ dolları 65 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 6089.65 (altı min səksən doqquz dollar 65 sent) ABŞ dolları məbləğində borclarının qaldığı bildirilməklə həmin borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli ********* saylı müqaviləyə əsasən həmin şəxsin banka 2499.6 (iki min dörd yüz doxsan doqquz ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 875.91 (səkkiz yüz yetmiş beş ABŞ dolları 91 sent) ABŞ dolları faiz, 2350.49 (iki min üç yüz əlli ABŞ dolları 49 sent) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 363,65 (üç yüz altmış üç ABŞ dolları 65 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 6089.65 (altı min səksən doqquz dollar 65 sent) ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göründüyü kimi, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla belə, məhkəmənin qənaətinə görə aşağıdakılara əsasən iddia tələbi əsas borcun tutulmasına dair hissədə əsaslı, faiz və cərimə borclarına dair hissədə isə əsassızdır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 3-cü bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, (3.1.) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; (3.2.) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini ... təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. Kredit müqaviləsi 31 may 2017-ci il tarixdə restrukturizasiya edildikdən sonra Cavabdeh1 əsas borcu 4869.62 ABŞ dolları müəyyən edilmiş, hal-hazırda isə təqdim edilmiş maliyyə arayışına və cavabdehlərə göndərilmiş bildiriş məktubuna əsasən onun 2499.60 ABŞ dolları qalıq borcu qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Cavabdeh1 əsas borcu 2499,60 ABŞ dolları məbləğində təşkil etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək nə kredit vermiş İddiaçı ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu Cavabdeh1 kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu Cavabdeh1 tərəfindən kredit verən İddiaçı ASC-yə yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmamışdır. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzətli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər. Buna baxmayaraq, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, 875.91 ABŞ dolları məbləğdə faiz borcu, 2350.49 ABŞ dolları məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 363.65 ABŞ dolları məbləğdə faiz borcu da tələb etmişdir. Lakin, istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. Belə olan halda, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 2499.60 AB,Ş dolları məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da, onun tərəflər arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən 3 il sonra müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsi üzrə digər Cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığından həmin şəxsə qarşı yönələn iddia tələbi rədd edilməlidir. Həmçinin, məhkəmə Cavabdeh1 iddia tələbini etiraf etməməsi barədə məhkəməyə təqdim etdiyi etirazı müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçının kredit müqaviləsi üzrə əsas borcu tələb etməsi qanuni və əsaslıdır, həmin borcun qaytarılmasını tələb etməkdə iddiaçı haqlıdır. Həmçinin, Cavabdeh1 məhkəmədə vermiş olduğu izahatında əsas borcun qaytarılmasına razı olduğunu bildirmişdiur. Odur ki, məhkəmə həmin şəxsin iddianı bütövlükdə etiraf etməməsi barədə etirazını əsas borca dair hissədə qəbul etmir. Məhkəmə eyni zamanda Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizəsini müzakirə edərək qeyd edir ki, yuxarıda göstərildiyi kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Odur ki, həmin tələbə iddia müddətinin tətbiq edilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmaqla Cavabdeh1 2499.60 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablkanmaqla tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 121.06 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 62.49 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2499.60 (iki min dörd yüz doxsan doqquz dollar altmış sent) ABŞ dolları məbləğində əsas borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 62.49 (altmış iki manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar