Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-7/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 35023,73 (otuz beş min iyirmi üç manat 73 qəpik) manat borcun, bundan 9450,16 (doqquz min dörd yüz əlli manat 16 qəpik) manat əsas, 7838,31 (yeddi min səkkiz yüz otuz səkkiz manat 31 qəpik) manat faiz, 16346,66 (on altı min üç yüz qırx altı manat 66 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1388,60 (bir min üç yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 195,07 (bir yüz doxsan beş manat 07 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 1274 №-li 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 12750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Bank arasında 23 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2014-cü il tarixli 1274 saylı kredit müqaviləsinə 06 mart 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.40 AZN) 13256,56 (on üç min iki yüz əlli altı manat 56 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9468,97 (doqquz min dörd yüz altmış səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 3751,06 (üç min yeddi yüz əlli bir ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və 1209,59 (bir min iki yüz doqquz ABŞ dolları 59 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********767 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 35023,73 (otuz beş min iyirmi üç manat 73 qəpik) manat təşkil edir. Bundan 9450,16 (doqquz min dörd yüz əlli manat 16 qəpik) manat əsas, 7838,31 (yeddi min səkkiz yüz otuz səkkiz manat 31 qəpik) manat faiz, 16346,66 (on altı min üç yüz qırx altı manat 66 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1388,60 (bir min üç yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh1 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, kredit müqaviləsi üzrə borcun bir hissəsi onun tərəfindən ödənilmişdir. Son ödəniş 2015ci il tarixində ödənilmiş və ötən müddət ərzində hər hansı bir ödəniş olmamış, eyni zamanda bank tərəfindən ona qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, bank tərəfindən ona dəfələrlə yazılı xəbərdarlıq edilmiş, o cümlədən bankla onun arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 saylı əlavə saziş və bankla zaminlər arasında 2ə.06.2014-cü il tarizli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 saylı əlavə saziş imzalanmışdır. İddia ərizəsinə diqqət yetirildikdə müəyyən olunur ki, kredit müqaviləsi üzrə son ödəniş müddəti xx.xx.2016-cı il müəyyən edilmişdir. Qeyd edir ki, sözügedən müddət bitdikdən sonra bankla onun arasında hər hansı bir ünsiyyət olmamışdır. Belə olan halda hazırkı iddia müddətinin vaxtı - xx.xx.2019-cu il tarixdə bitmişdir. Bank isə hazırkı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür ki, bu da bank tərəfindən iddia müddətinin 3 il 4 ay ötürülməklə nəticələnmişdir. Lakin, bank bu halın aradan qaldırılması, yəni hazırkı mübahisə üzrə iddia müddətinin ötürülməmiş hesab olunması üçün xx.xx.2017-ci il tarixdə onunla kredit müqaviləsinə 1 saylı əlavə saziş, zaminlərlə isə xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsinə 1 saylı əlavə saziş bağlamışdır. Sözügedən əlavə sazişə görə kredit müddəti xx.xx.2020-ci ilədək uzanmışdır. Bu halda isə iddia müdətinin son günü xx.xx.2023-cü ilədək müəyyən olunur. Qeyd edir ki, bank məhz bu müddətin bitməsinə 10 gün qalmış iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İlk növbədə bu ona dəlalət edir ki, bank sözügedən kreditin alınmasına çox da maraqlı olmamışdır, çünki maraqlı olduğu təqdirdə 2015-ci ildən keçən 8 il ərzində bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət edərdi. Sözügedən əlavə sazişlərdən nə onun, nə də ki, zaminlərin xəbəri olmuşdur. İddia ərizəsinə əlavə olunan hər 2 əlavə sazişlərlə tanış olduqdan sonra müəyyən olunmuşdur ki, sazişlərdə olan imzalara nə onun tərəfindən, nə də ki, zaminlər tərəfindən icra olunmuşdur. Beləliklə, sözügedən 1 saylı əlavə sazişlərdə onun və zaminlərin adlarından edilən imzalar onların deyil, tamam başqa şəxslər tərəfindən icra edilmişdir. Göründüyü kimi onların xəbəri olmadan, adlarından bankla müəyyən şərtlər barəsində razılaşmalar olmuş və bu barədə sənədlər imzalanmış və bununla da bank tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətinin ötürülməməsinə don geyindirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan, o cümlədən hazırkı mübahisə üzrə xüsusi önəm kəsb edən sənədlər - bankla onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 saylı əlavə saziş, bankla zaminlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi, zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 saylı əlavə sazişlərin nə əsli, nədə ki, əslinə bərabər surəti mövcud deyildir. Belə ki, iddia ərizəsinə sözügedən sənədlərin kserosurəti əlavə edilmişdir. Sözügedən sənədlərin əslinin, yaxud əslinə bərabər surətlərinin olmaması əslində Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinin pozulmasıdır. Sözügedən maddəyə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin, iddiaçı bank tərəfindən yuxarıda qeyd olunan yazılı sübutların əslinin təqdim edilməməsi, həmin sənədlərin mövcud olmasını şübhə altına qoyur. Odur ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 1274 №-li 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 12750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Bank arasında 23 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli 1274 saylı kredit müqaviləsinə 06 mart 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.40 AZN) 13256,56 (on üç min iki yüz əlli altı manat 56 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9468,97 (doqquz min dörd yüz altmış səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 3751,06 (üç min yeddi yüz əlli bir ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və 1209,59 (bir min iki yüz doqquz ABŞ dolları 59 sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Əlavə Sazişə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8622 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu ağaıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il (kredit mqaviləsinin müddətinin bitdiyi) tarixə: - əsas borc üzrə 8966,79 manat; - faiz borcu üzrə 4035,06 manat. xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə 8966.79 manat; - faiz borcu üzrə 4035,06 manat - müqavilə müddətindən sonar illik 5% hesablanmaqla faiz borcu---1300,18 manat İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 may 2025-ci il tarixli 9/1074 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı :‘Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə------------------- 8966,79 manat, faiz borcu üzrə------------------- 4035.06 manat, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə: əsas borc üzrə------------------------------------------------------------ 8966,79 manat, faiz borcu üzrə------------------------------------------------ ----------- 4035,06 manat, müqavilə müddətindən sonra illik 5% hesablanmaqla faiz borcu — 1300,18 manat qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavə üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən tıəqdim edilmiş sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadı. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, kredit borcundan son ödəmə tarixi xx.xx.2017-ci ildir və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla belə, məhkəmənin qənaətinə görə aşağıdakılara əsasən iddiaçının əsas, faiz və cərimə borclarına dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 3-cü bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, (3.1.) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; (3.2.) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini ... təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. İlk dəfə kredit müqaviləsi restrukturizasuya edildikdən sonra Cavabdeh1 əsas borcu 9468,97 ABŞ dolları olmuş, restrukturizasiyadan sonra xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasında həmin borcdan 6070,50 manat ödənilmiş, 8966,79 manat isə qalıq qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Cavabdeh1 əsas borcu 8966,79 manat məbləğində təşkil etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək nə kredit vermiş İddiaçı ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu Cavabdeh1 kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu Cavabdeh1 tərəfindən kredit verən İddiaçı ASC-yə yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmamışdır. Qeyd olunmalıdır ki, mübahisəli kredit üzrə axırıncı ödəniş 2017-ci ilin dekabr ayında olmuş, həmin vaxtdan indiyədək heç bir ödəniş edilməmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzətli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər. Lakin, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, 7838.31 manat məbləğdə faiz borcu, 16346.66 manat məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1388.60 manat məbləğdə faiz borcu da tələb etmişdir. Lakin, istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. Eləcə də, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 8966.79 manat məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da, onun tərəflər arasında xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti xx.xx.2020-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən 3 il sonra müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsi üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, iddiaçının həmin cavabdehlərə qarşı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığından həmin şəxsə qarşı yönələn iddia tələbi rədd edilməlidir. Məhkəmə eyni zamanda Cavabdeh1 iddiaya qarşı verdiyi kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə əlavə sazişdə olan imzaların ona və zamin şəxslərə aid olmaması barədə etiraz ərizəsini müzakirə edərək qeyd edir ki, etirazın həmin dəlili ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən həmin hallar öz təsdiqini tapmamış, əksinə iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 4/1203 saylı ekspert rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 1274 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə “Borcalan” qrafasında imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 aralarında bağlanmış 1274 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə “Zamin Cavabdeh4” qrafasındakı imza-Cavabdeh4 tərəfindən icra olunmuşdur. Həmin əlavə sazişdə “Zamin Cavabdeh3” qrafasındakı imza- Cavabdeh3 tərəfindən icra olunmuşdur. Həmin Əlavə sazişdə “Zamin Cavabdeh2” qarafasındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Odur ki, məhkəmə həmin etirazın dəlillərini əsassız hesab edərək qəbul etmir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymıt verərək hesab edir ki, iddia qismən təmin olunmaqla Cavabdeh1 8966.79 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 195.07 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 110 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İş üzrə 472 (dörd yüz yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8966.79 (səkkiz min doqquz yüz altmış altı manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 195.07 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 110 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə 472 (dörd yüz yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-7/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-7/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver