Məhkəmə qərarları › İş №e-2(029)-754/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-754/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-754/2022 07.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 3169.22 manat məbləğində kredit borcu, 495.18 manat məbləğində faiz borcu və 704.33 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4368.73 (dörd min üç yüz otuz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 63.69 (altmış üç manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5.000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 011R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1830.78 manat ödəmiş, onun 3169.22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 495.18 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 205 gün üçün hesablanmış cərimə 704.33 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xilam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək göstərmişdir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0883% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 1830 manat ödəniş etmiş və İddiaçı QSC-yə 3169.22 manat məbləğində kredit borcu qalmışdır. Odur ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3169.22 manat məbləğində kredit borcu, 495.18 manat məbləğində faiz borcu və 704.33 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4368.73 (dörd min üç yüz otuz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 63.69 (altmış üç manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı QSC-dən 5.000 manat kredit götürmüş, həmin pula sexə avadanlıqlar almışdır. COVİD-19 pandemiyası ilə əlaqədar icarə haqqı ödəyə bilmədiyi üçün sex bağlanmış, işsiz qalmışdır. O, hal-hazırda işləyir, banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh2 İddiaçı QSC-dən 5.000 manat kredit götürüb, o, isə həmin kreditə zamin durmuşdur. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki işdə olan xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 illik 120 ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 011R********** saylı kredit razılaşmasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 2.0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 5.000 (beş min) manat kredit verilmişdir. İşdə olan 011S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 011S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 011R**********SB saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsi əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 08 dekabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8420 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə həmin banka 3169.22 manat məbləğində kredit borcu, 495.18 manat məbləğində faiz borcu və 704.33 manat məbləğində cərimə, cəmi 4368.73 (dörd min üç yüz otuz altmış səkkiz manat yetmiş üç qəpik) manat borcu yaranmışdır. İşdə olan Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onun “Access Bank" QSC ilə bağladığ 30.01 2020 tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 5.000 AZN məbləğində kredit götürmüşdür. Ona kredit borcunu ödəməyi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayınımışdır. Bildirilmişdir ki, xx.xx.2022 tarixinə gecikdirilmiş ödəniş məbləği 1742,47 AZN (əsas məbləğ İ 153,30 AZN. faiz ödənişi 332.46 AZN, cərimə məbləği 256.71 AZN) təşkil edir. xx.xx.2022 tarixinədək gecikdirilmiş ödəniş məbləğinizi banka qaytarmalıdır, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və onun banka borclu olduğu 4321..39 AZN məbləğin (3169.22 AZN təşkil edən əsas məbləğ. 464,82 AZN faiz məbləği və 687.85 AZN cərimə məbləği), həmçinin xx.xx.2022 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi bildirilmişdir. İşdə olan Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, “Access Bank“ QSC ilə Cavabdeh2 oglu arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 5.000 AZN məbləğində kredit verilmişdir. Onlar, Cavabdeh2 öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyırlar və borcu ödəmək barədə öz üzərilərinə öhdəlik götürmüşlər. Hazırda Cavabdeh2 oglu kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınır. Bildirilmişdir ki, xx.xx.2022 tarixinə gecikdirilmiş ödəniş məbləği 1742.47 AZN (əsas məbləğ, 1153.30 AZN , faiz ödənişi 332.46 AZN . cərimə məbləği 256.71 AZN ) təşkil edir. xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasalar, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və onların banka borclu olduğu 4321.89 AZN məbləğin (3169.22 AZN təşkil edən əsas məbləğ, 464.82 AZN faiz məbləği və 687.85 AZN cərimə məbləği), həmçinin xx.xx.2022 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. Bu halda onalr təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəkləri bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh2 İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 011L**********65 saylı uzunmüddətli kredit müqaviləsinin və 011R********** saylı kredit razılaşmasının şərtlərini mütəmadi olaraq pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, iddiaçının həmin müqavilənin ləğv edilməsini, verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə İddiaçı QSC-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3169.22 manat məbləğində kredit borcu, 495.18 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3764,40 (üç min yeddi yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 63.69 (altmış üç manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 3169.22 manat məbləğində kredit borcu, 495.18 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3764,40 (üç min yeddi yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borc və ödənilmiş 63.69 (altmış üç manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar