Məhkəmə qərarları › İş №e-2(029)-812/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-812/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-812/2023 15.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 15794.43 manat məbləğində əsas borcun, 1352.44 manat məbləğində faiz borcunun, 464.39 manat məbləğində cərimə borcunun, cəmi 17611.26 manat borcun və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 16000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, krediti tikinti işləri aparmaq məqsədi ilə götürmüşdür. Hazırda atası xəstədir, özü işləyir, əmək haqqısı əlavələrlə birlikdə 1195 manat təşkil edir. Faiz və cərimə borcları çox hesablanmışdır, həmin borclar silinməlidir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edirlər, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CP/64087/90/19 saylı kredit sazişinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 23 faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin şəxsə borcun ödənilməsinin gecikdirildiyi, onun banka 15794.43 manat əsas, 1080.01 manat faiz və 417.43 manat məbləğində cərimə borcunun olduğu, onunla bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilərək kredit borcunun dərhal ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin banka 15794.43 manat əsas, 1352.44 manat faiz və 464.39 manat cərimə borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 13 mart 2023-cü il tarixli CP/64087/90/19 saylı kredit sazişinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu əsas və faiz borclarını qaytarmamışdır. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə 15794.43 manat məbləğində əsas borcu, 1352.44 manat məbləğində faiz və 464.39 manat məbləğində cərimə borcu vardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında Cavabdeh əsas borcuna dair göstərilən məbləğlərlə razılaşsa da, hesab edir ki, 1352.44 manat məbləğində faiz borcunun və 464.39 manat məbləğində cərimənin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi, İddiaçı ASC özünün xx.xx.2023-cü il tarixli bildiriş məktubu ilə kredit müqaviləsini ləğv etmiş və həmin məktubda cavabdehin 15794.43 manat əsas, 1080.01 manat faiz və 417.43 manat cərimə borclarının olduğunu göstərməklə həmin məbləğlərin ödənilməsini cavabdehdən tələb etmişdir. Bununla da həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış hüquq münasibətlərinə xitam verilmişdir. Belə olan halda, iddiaçının həmin vaxtdan sonra cavabdehə əlavə faiz və cərimə borclarının hesablanmasını məhkəmə qanuni və əsaslı hesab etmir. Məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən məhz həmin şəxsə ünvanlanmış bildiriş məktubunda göstərilən məbləğlərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 3 manat məbləğinə qədər azaldılmalıdır. Məhkəmə eyni zamanda cavabdehin cərimə borcu ilə bağlı qeyd edir ki, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 464.39 manat məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 15794.43 (on beş min yeddi yüz doxsan dörd manat qırx üç qəpik) manat məbləğində əsas, 1080.01 (min səksən manat bir qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 16894,44 (on altı min səkkiz yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15794.43 (on beş min yeddi yüz doxsan dörd manat qırx üç qəpik) manat məbləğində əsas, 1080.01 (min səksən manat bir qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 16894,44 (on altı min səkkiz yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 143 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar