Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-832/2023 26.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5317,99 AZN əsas; 562,33 AZN faiz; cəmi 5880,32 AZN pul vəsaitinin və 78,80 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 82 ay müddətinə 5317,99 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən 5317,99 AZN əsas; 562,33 AZN faiz; cəmi 5880,32 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, müqavilə bağlamaqla İddiaçı ASC-dən kredit götürmüş, sonradan xəstələndiyinə görə krediti qaytara bilməmişdir. Borcun tələb edilməsi ilə bağlı ona iki dəfə məktub göndərilmişdir. Maddi imkanı çətin olduğuna görə borcunu yalnız hissə-hissə ödəyə bilər və bunun nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edirlər, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh Teymurşao oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BGTK0192065B148 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (faktiki illik faiz dərəcəsi 20.38%) faiz dərəcəsi ilə 82 ay müddətinə 5317,99 (beş min üç yüz on yeddi manat doxsan doqquz qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 17 may 2023-cü il tarixli bildirişdən görünür ki, həmin şəxsə borcun 16 may 2023-cü il tarixə 5510,37 manat məbləğində ümumi borcunun, gecikmə günü 33 gün olmaqla 245,7 manat məbləğində gecikmə yarandığı bildirilməklə həmin borcun ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin banka xx.xx.2023-cü il tarixə 5317,99 AZN əsas, 562,33 AZN faiz, cəmi 5880,32 AZN borcu yaranmışdır. İşdə olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli müqaviləyə əsasən cavabdehin banka xx.xx.2023-cü il tarixə 5317,99 AZN əsas, 195,60 AZN faiz, cəmi 5513,59 AZN borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 13 mart 2023-cü il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu əsas və faiz borclarını qaytarmamışdır. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışlarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5317,99 AZN əsas, 195,60 AZN faiz, cəmi 5513,59 AZN borcu, xx.xx.2023-cü il tarixə isə 5317,99 AZN əsas, 562,33 AZN faiz, cəmi 5880,32 AZN borcu yaranmışdır. Məhkəmə iddiaçının iddia tələbinin əsas borca dair hissəsi ilə tam razılaşsa da, hesab edir ki, tələb olunan 562,33 manat məbləğində faiz borcunun tutulmasına dair hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi, İddiaçı ASC özünün 17 may 2023-cü il tarixli bildiriş məktubu ilə cavabdehin 5317,99 manat əsas, 5510,37 manat ümumi borcunun, 245,7 manat gecikmə borcunun olduğunu göstərməklə həmin məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş və bununla da həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilməklə müqavilə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə xitam verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin bildirsin göndərildiyi vaxta, yəni xx.xx.2023-cü il tarixə banka 195,60 manat məbləğində faiz borcu olmuşdur. Belə olan halda, iddiaçının həmin vaxtdan sonra cavabdehə əlavə faiz borcunun hesablanmasını məhkəmə qanuni və əsaslı hesab etmir və məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən məhz həmin şəxsə bildiriş məktubu ünvanlanan vaxtda mövcud olan 195,60 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 5317,99 (beş min üç yüz on yeddi manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 195.60 (yüz doxsan beş manat altmış qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5513,59 (beş min beş yüz on üç manat əlli doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 78.80 (yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5317,99 (beş min üç yüz on yeddi manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 195,60 (yüz doxsan beş manat altmış qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 5513,59 (beş min beş yüz on üç manat əlli doqquz qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 78.80 (yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. ƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-832/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-832/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver