Məhkəmə qərarları › İş №e-2(029)-854/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-854/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-854/2023 06.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2011-cü il təvəllüdlü X1 üçün alimentin miqdarı artırılaraq hər ayda 220 (iki yüz iyirmi) manat aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, nikahı 22 iyul 2010-ci il tarixində Xaçmaz rayonunun İHB-nın Müqtədir qəsəbə İnzibati ərazi vahidliyində bağlanaraq Cavabdehlə ailə qurmuş, həmin nikahdan 08 dekabr 2011-ci il təvəllüdlü Vəfa adlı qız uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Qusar rayon məhkəməsinin 03 oktyabr 2011-ci il, tarixli, 2(029)-589/2011 saylı qətnaməsi ilə cavabdeh Hafiz Əmiraslanoviçlə 22 iyul 2010-ci il tarixində 5 nömrə ilə qeydə alınmış nikahı pozulmuşdur. Bağlanılmış nikah qızı Vəfa anadan olmamışdan əvvəl, yəni 03 oktyabr 2011-ci il tarixində pozulduğundan, maliyyə cəhətdən imkanları çox məhdud olduğu üçün uşağın saxlanılması ilə əlaqədar olaraq aliment tələbi üçün məhkəmə müdafiəsindən istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, Qusar rayon məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(029)-386/2015 saylı qətnaməsi ilə azyaşlı 08 dekabr 2011-c ü il təvəllüdlü X1 ilə əlaqədar olaraq sabit pul məbləğində hər ay 50 (əlli) manat alimentin tutularaq verilməsi qət edilmişdir. Cavabdeh 21 sentyabr 2023-ci il tarixində keçirilən mediasiya iclasında iştirak etməmişdir. Hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manata qədər artırılması və uşağın yaşayış səviyyəsi nəzərə alınaraq uşağın saxlanması üçün alimentin miqdarı 220 (iki yüz iyirmi) manat müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, tərəflər rəsmi nikaha daxil olmuş, sonradan boşanmışlar. 2015-ci ildə cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün 50 manat məbləğində aliment tutulmuşdur. Hazırda uşağın 13 yaşı var, orta məktəbdə oxuyur, belə vəziyyətdə iddiaçı dolana bilmir. Uşaq anasının yanında yaşayır, cavabdeh isə uşaqla gəlib görüşür. Cavabdehin harada işlədiyini dəqiq bilmir, onda olan məlumata görə Bakı şəhərində fəhlə işləyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli 2(029)- 386/2015 saylı qətnaməsinindən görünür ki, Cavabdeh 13 mart 2015-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq 08 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda uşaq üçün 50 manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının 170 manat miqdarında müəyyən edilməsi uşağın maddi tələbatının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Odur ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay 170 manat miqdarında aliment tutulmalıdır. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf öz tələbində cavabdehdən 220 manat miqdarında aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və eləcə də, həmin xüsusat üzrə həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, eləcə də iddiaçı tərəfindən uşağın aylıq xərci və cavabdehin ayda 220 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, tərəflərin birgə nikahkarından anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 50 (əlli) manat aliment tutulmasına dair Qusar rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli 2(029)-386/2015 saylı qətnamə hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, artırılmış aliment məbləği üzrə bir il ərzində ödəniləcək alimentin miqdarı, yəni iddianın qiyməti 1440 manat təşkil etdiyindən Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 13 aprel 2015-ci il, tarixli, 2(029)-386/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.1987-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Cavabdeh İddiaçı xeyrinə 08 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 170 (yüz yetmiş) manat miqdarda aliment tutulsun. Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar