Məhkəmə qərarları › İş №e-2(029)-89/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-89/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-89/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4235 (dörd min iki yüz otuz beş) manat faktiki ziyan, 500 (beş yüz) manat mənəvi ziyan və 67.35 (altmış yeddi manat 35 qəpik) ödənilmiş dövlət rüsumu, cəmi 4802.35 (dörd min səkkiz yüz iki manat 35 qəpik) manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində Qusar şəhəri, F.Musayev küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qusar rayonu, Gedəzeyxur kənd sakini Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun tərəfindən idarə edilən “Hyundai Tucson” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Faktla bağlı xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC-nin təqdim etdiyi Qüsur Aktına əsasən, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundai Tucson” markalı **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7635 (yeddi min altı yüz otuz beş) manat ziyan dəymişdir. Bundan əlavə, avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, sığorta şirkətinin yuxarıda qeyd olunan qüsur aktında “ekran” adlı ehtiyat hissəsinin dəyişdirilməsi öz əksini tapmamışdır. Həmin ehtiyat hissəsi toqquşma nəticəsində qırılmış və onun bazar qiyməti 600 (altı yüz) manat civarındadır. Eyni zamanda, güclü zərbədən avtomobilin qabaq dayaqları (lonjeronlar) əyilmişdir. Nəzərə almaq lazımdır ki, həmin dayaqlar avtomobilin kuzovunun əsasını təşkil edir və təmir olunması halında belə avtomobilin əvvəlki təhlükəsizliyi təmin olmamaqla onun (avtomobilin) bazar qiymətinin xeyli azalmasına səbəb olacaqdır. Bunu nəzərə alaraq hesab edir ki, avtomobilə dəyən ziyanın məbləğinə ən azı 1000 (min) manat məbləğində qiymətdən düşmə zərəri əlavə edilməlidir. Həmçinin, hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi onun rahatlığını pozduğuna və məyusluq hissi yaratdığına görə mənəvi ziyan olaraq ən azı 500 (beş yüz) manat məbləğində kompensasiya ödənilməlidir. Qeyd olunan ziyandan cavabdehin sığorta şırkəti ona 5000 (beş min) manat ödəmişdir. Cavabdehdən qalan 4735 (dörd min yeddi yüz otuz beş) manat pulun ödənilməsini dəfələrlə xahiş etsə də, bunun bir nəticəsi olmamışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz göndərib iddia tələbinin əsassız olmasına dair etirazı onunla əsaslandırmışdır ki, 06 sentyabr 2024-cü il tarixdə saat 19:45 radələrində Qusar şəhəri, F.Musayev küçəsində onun idarə etdiyi “Mersedes Benz 190” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Hyundai Tucson” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması baş verdikdən dərhal sonra onun tərəfindən Qusar RPŞ-nə və 2A-Qroup” Sığorta Şirkətinə məlumat verilmişdir. Hadisə yerinə gələn Sığorta Şirkətinin əməkdaşları tərəfindən İddiaçı iştirakı ilə maşına baxış keçirilmiş və dəymiş ziyanın məbləğini əks etdirən qüsür aktı tərtib olunmuşdur. Həmin vaxt iddiaçı qüsur aktı ilə razılaşmış və etirazını bildirməmişdir. Belə olan halda niyə iddiaçı tərəfindən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən maşına texniki baxış keçirildiyi zaman nə onun, nə də sığorta təşkilatının əməkdaşlarının iştirakı təmin olunmamışdır. Belə olan halda iddiaçı əsassız olaraq özünün istədiyi qiymətlər və ehtiyat hissələri əlavə etdirərək əlavə pul istəyir. Yol-nəqliyyat hadisəsi baş verəndən sonra İddiaçı “yaxşə ki, heç kəs xəsarət almadı” sözlərini deyib hadisə yerini tərk etmiş, hazırda isə mənəvi zərərə görə təzminat tələb edir. Bunlara əsasən iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında iddia ərizəsində qeyd edilmiş xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti tərəfindən avtomobilə baxış keçirmiş və 7635 manat ziyan hesablanmasına dair akt tərtib edilərək ona təqdim edilmişdir. Həmin aktı da məhkəməyə sübut kimi təqdim etmişdir. Sığorta şirkəti tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş aktdan xəbəri olmamış və hadisə baş verdikdən sonra həmin akt ona verilməmişdir. Belə olmuş olsaydı onu müvafiq qaydada mübahisələndirərdi. Bundan başqa, hadisə nəticəsində həm də mənəvi ziyan çəkmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddiaya etiraz ərizəsində qeyd edilmiş xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, maddi vəziyyətinin ağır olmasına görə məhkəmə iclasında tədqiq olunmuş ekspertiza rəyinin nəticələrini də qəbul etmir və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsinin xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş işin materialları ilə, o cümlədən tərəflərin izahatları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində Qusar şəhəri, F.Musayev küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil, iddiaçı tərəfindən idarə edilən və həmin şəxsin özünə məxsus olan “Hyundai Tucson” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Faktla bağlı xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Həmin qərar mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir. Bununla da, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulması işin mübahisə olunmayan faktiki halıdır. Məhkəmə iddia tələbinin qanuni əsasları kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda göstərilən məlum inzibati xəta hadisəsini törətməklə iddiaçıya maddi ziyan vurduğundan iddiaçının cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüquq vardır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, ona dəymiş maddi zərərin ümumi məbləği 9235 manat təşkil etmiş, həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmiş, qalan fərq, yəni 4235 manat isə cavabdeh tərəfindən ona ödənilməlidir. Bu baxımdan məhkəmə cavabdehin iddianı bütövlükdə etiraf etməməsini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin ona ümumilikdə 9235 manat məbləğində maddi ziyan vurmasına istinad etməklə cavabdehin ona həmin məbləğlə sığorta şirkəti tərəfindən ona ödənilən məbləğ arasındakı 4235 manat fərqin cavabdeh tərəfindən ona ödənilməsinə dair tələb irəli sürürsə, cavabdehin məhz bu məbləğdə pulu qaytarmalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə məhz 9235 manat miqdarında ziyan vurulmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1082 saylı ekspert rəyindən isə görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı, “Hyundai Tucson” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği təxminən 5487,00 manat müəyyən edilir. Təqdim edilmiş qüsur aktında göstərilən digər 01 ədəd dövlət qeydiyyat nişanının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə eyni zamanda iddiaçının ona maddi ziyan vurulmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi, fiziki şəxs X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli qüsur aktlarını təhlil edərək belə qənaətə gəlir ki, əvvəla həmin aktlar bir-biri ilə ziddiyyət təşkil edir, digər tərəfdən həmin aktların tərtib olunmasında yol-nəqliyyat hadisəsinin müayinəsində iştirak etmiş və nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" sığorta şirkəti iştirak etməmiş, aktlar birtərəfli qaydada tərtib olunmuşdur. Bundan başqa, iddiaçı özü sığorta şirkəti tərəfindən ona ödənilən 5000 manat məbləğində pulu qəbul etməklə faktiki olaraq həmin sığorta şirkətinin dəymiş ziyana dair qiymətləndirmə aktı ilə razı olduğunu öz hərəkətləri ilə təsdiq etmişdir. Odur ki, məhkəmə iddiaçıya dəymiş ziyanın ümumi məbləğinə dair iddiaçının təqdim etdiyi həmin qüsur aktlarını sübut kimi qəbul etmir və həmin halı təsdiq edən mötəbər sübut kimi məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının yuxarıda göstərilən ekspert rəyini qəbul edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın ümumi məbləğinin 5487,00 manat təşkil etməsi məhkəmə təqdidatı zamanı təsdiq olunduğundan və ümumi məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyindən iddia tələbi maddi ziyanla bağlı 487 manat hissədə əsaslıdır. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 487 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Bu baxımdan cavabdehin iddia tələbinin tam olaraq əsassız olmasına dair dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı zamanı yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin 5487 manat təşkil etməsi və bunun əksər hissəsi (5000 manat) sığorta şirkəti tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən normaya istinadən məhkəmə qeyd edir ki, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı qalan 487 manat zərərin də cavabdehdən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 67.35 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İş üzrə 50 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 487 (dörd yüz səksən yeddi) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 517 (beş yüz on yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar