Məhkəmə qərarları › İş №e-2(029)-90/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-90/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-90/2025 13.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin hazırlıq iclasında müəyyən olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş və tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış və iş materiallarına əlavə olunmuş "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında 19 oktyabr 2022-ci il tarixli **********0022 saylı kredit müqaviləsinin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Kredit Verən tərəfindən Kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində Krediti və yaxud ona aid digər ödənişləri ödəmədikdə, Kredit Verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit Alana təqdim edilməməsi Kredit Verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdrılması kimi tövsir edilə bilməz. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə mübahisələrin həlli zamanı pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulsa da, eyni bəndlə müqavilənin üstün tərəfi hesab olunan kredit verən təşkilatına bu qaydaya riayət etmədən də birbaşa məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 742.2 maddəsinin tələbinə əsasən yüz manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən maddi normaların sistemli təhlili onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə öhdəliklərin pozulması halı üçün tərəflərin məsuliyyətini müəyyən edən müddəalar həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin imperativ qaydalarına zidd ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, “...Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.” Eyni qərarda qeyd olunur ki, “...O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə bildiriş və ya xəbərdarlıq məktubunun göndərilməsi, öhdəliklərin icra edilməməsi halında müqavilənin birtərəfli qaydada, məhkəmədən kənar ləğv edilməsi, cavabdeh şəxslərin öhdəliklərinin bitməsi anının, o cümlədən həmin şəxslərin kredit müqaviləsi üzrə iddiaçıya olan borclarının müəyyən edilməsi baxımından zəruri əhəmiyyətə malikdir və həmin qaydaya əməl olunmaması işin baxılmasına və qeyd olunan halların müəyyən edilməsini mümkünsüz edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, xx.xx.2024-cü il tarixli qəbz üzrə 54.1 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, xx.xx.2024-cü il tarixli qəbz üzrə 54.1 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC-yə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar