Məhkəmə qərarları › İş №e-2(029)-96/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-96/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-96/2024 15.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh Abdulxaliq oğluna və Zamin Abdulxaliq oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh Abdulxaliq oğluna və Zamin Abdulxaliq oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 24 iyul 2019-cu il tarixli, 023NFPK nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan, Zamin Abdulxaliq oğlundan cəmi 2232.31 (iki min iki yüz otuz iki manat 31 qəpik) AZN, bundan 2217.06 (iki min iki yüz on yeddi manat 06 qəpik) AZN əsas, 15.24 (on beş manat 24 qəpik) AZN faiz və 0,01 (0 manat 01 qəpik) AZN cərimə borcu və iş üzrə ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh Abdulxaliq oğluna və Zamin Abdulxaliq oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Abdulxaliq oğlu arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 023NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 2553NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2800(iki min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh Abdulxaliq oğluna kredit verilərkən Zamin Abdulxaliq oğlu ilə Bank arasında 24 iyul 2019- cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1 -ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********440 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Abdulxaliq oğlunun 17 iyul 2023-ci il tarixnə kredit üzrə cəmi borcu 2232.31 (iki min iki yüz otuz iki manat 31 qəpik) AZN təşkil edir. Bundan 2217.06 (iki min iki yüz on yeddi manat 06 qəpik) AZN əsas, 15.24 (on beş manat 24 qəpik) AZN faiz və 0,01 (0 manat 01qəpik) AZN cərimə borcu təşkil edir. Cavabdeh Abdulxaliq oğlu etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ona qarşı irəli sürülmüş iddiasını qəbul etmir. Hesab edir ki, Bank tərəfindən irəli sürülən iddia tələbi əsassızdır. Bildirir ki, bankala onun arasında 2019-cu ildə 5 il müddətinə kredir müqaviləsi bağlanılmışdır. Bu gün də tərəflər arasında olan müqavilə qüvvədədir. İddia tələbinə əsasən ondan 2232.31 (iki min iki yiz otuz iki manat 31 qepik) AZN, bundan 2217.06 (iki min iki yUz on yeddi manat 06 qepik) AZN əsas , 15.24 (on beş manat 24 qəpik) AZN faiz ve 0,01 (0 manat 01 qəpik) AZN cərime borcu ve iş üzrə ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məlumat üçün bildirir ki tələb olunan pul məbləği iddia ərizəsində düzgün qeyd olunmamışdır. Hal-hazırda sistem üzərində Banka olan borc məbləği 2033,21 qəpik görsənir. Bu kredit məbləği restruktruzasiya olunmuş kredit məbləğidir. Yəni köhnə kredit məbləği yeni kredit qrafiki əsasında yenidən tərtib olunaraq hesablanmış və qrafik əsasında 5 il müddətinə güzəştli təyin edilmiş kreditdir. Ata Bank ləğv edilənə kimi vaxtlıvaxtında kredit ödənişlərini həyata keçirmişdir. Bank ləğv ediləndən sonra elektron qaydada ödənişləri həyata keçirə bilməmişdir. Sonradan Əmanətlərin sığortalanması fondundan onunla əlaqə saxlanımış və pulu hansı hesaba necə ödəyəcəkdir barədə ona məlumat verilmişdir. Bundan sonra da onun tərəfindən hər ay qrafik üzrə artıq ödənişlər edilməklə ödənişləri həyata keçirilməkdədir. Məhkəməyə xüsusi olaraq vurğulmaq istəyir iddia tələbində Bank tərəfindən müqavilənin ləğvi tələbi qoyulmadan müddəti bitməyən müqaviləyə görə öhdəliyin tam icrasını tələb edilir. Hesab edir ki, belə halda əgər müqavilənin müddəti bitməyibsə iddiaçı yalnız məhkəməyə iddia qaldırılan dövrədək mövcud olan kredit borcunu tələb etmək hüququna malikdir. İddia tələbində isə iddia qaldırılan dövrədək nə qədər kredir borcumun olduğu məlum olmur. Belə olan halda məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranır. Məhkəmə tərəfindən isə bu iş üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ədalətli məhkəmə baxışının həyta keçirilməməsi ilə nəticələnəcəkdir. Bu iddia üzrə məhkəmə prosesləri iddia icraatı qaydasında keçirilərsə tərəfindən etirazda qeyd etdiyi sübutlar məhkəməyə təqdim ediləcəkdir. Bu səbəbdən də məhkəmədən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatın ümumi iddia icraatına keçirilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir. Odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh Abdulxaliq oğlu və Zamin Abdulxaliq oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh Abdulxaliq oğlu arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 023NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 2553NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2800(iki min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan 23 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin Abdulxaliq oğlu 24 iyul 2019-cu il tarixli, 023NFPK saylı kredit müqaviləsi üzrə Cavabdeh Abdulxaliq oğlunun öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh Abdulxaliq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 023NFPK saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 2217.06 (iki min iki yüz on yeddi manat 06 qəpik) AZN əsas, 15.24 (on beş manat 24 qəpik) AZN faiz və 0,01 (0 manat 01 qəpik) AZN cərimə borcu, cəmi 2232.31 (iki min iki yüz otuz iki manat 31 qəpik) AZN borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh Abdulxaliq oğluna və Zamin Abdulxaliq oğluna borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyul 2024-cü il tarixli 3-16- 16/2-9/3344/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 023NFPK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh Adulxaliq oğlunun İddiaçı ASC-yə maliyyə arayışında qeyd edilən yəni xx.xx.2023-cü il tarixə olan borcu 2.262,48 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2.247,38 manat; faiz borcu üzrə 15,10 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3344/2024saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1.icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2.əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Abdulxaliq oğlu arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 023NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 2553NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2800(iki min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh Abdulxaliq oğluna kredit verilərkən Zamin Abdulxaliq oğlu ilə Bank arasında 24 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Abdulxaliq oğlunun 17 iyul 2023-ci il tarixnə kredit üzrə cəmi borcu 2232.31 (iki min iki yüz otuz iki manat 31 qəpik) AZN təşkil edir. Bundan 2217.06 (iki min iki yüz on yeddi manat 06 qəpik) AZN əsas, 15.24 (on beş manat 24 qəpik) AZN faiz və 0,01 (0 manat 01qəpik) AZN cərimə borcu təşkil edir. Göründüyü kimi iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə 25 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3344/2024saylı ekspert rəyini qismən sübut kimi qəbul etmişdir. İş üzrə keçirilmiş 25 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3344/2024 saylı ekspert rəyindən görünür ki, əsas borc üzrə 2247.38 manat, faiz borcu üzrə 15.10 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borcu iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehlərin kredit müqaviləsi üzrə faiz borclarının məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə faiz borcları iddiaçının irəli sürülmüş tələb çərçivəsində deyil 25 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3344/2024 saylı ekspertiza rəyi çərçivəsində götürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan müştərək qaydada 2217.06 (iki min iki yüz on yeddi manat altı qəpik) manat əsas, 15.10 (on beş manat on qəpik) manat faiz və 0,01 (bir qəpik) manat cərimə borcu, cəmi 2232.17 (iki min iki yüz otuz iki manat on yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası Cavabdeh Abdulxaliq oğlunun təşəbbüsü ilə təyin edildiyindən və iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan müştərək qaydada 2217.06 (iki min iki yüz on yeddi manat altı qəpik) manat əsas, 15.10 (on beş manat on qəpik) manat faiz və 0,01 (bir qəpik) manat cərimə borcu, cəmi 2232.17 (iki min iki yüz otuz iki manat on yeddi qəpik) manat məbləğində pul tutularaq LPO "xxxx" ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq LPO "xxxx" ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh Abdulxaliq oğlundan və Zamin Abdulxaliq oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar