Məhkəmə qərarları › İş №e-2(030)-152/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-152/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-152/2025 05.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 17 sentyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)170919-01 saylı kredit müqaviləsi üzrə 2018.48 manat əsas borcu, 87.54 manat faiz borcu olmaqla, cəmi 2018.48 manat kredit borcu və ödənilmiş 41.06 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22 yanvar 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsində göstərilmişdir кi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2.020.67 (iki min iyirmi yeddi manat 67 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2arasında 17 sentyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)1740919-01/ZM/3 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilsinin 2.2-ci bəndinə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3 və 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasən Cavabdeh1bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bu səbəbdən də Cavabdeh1 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 nömrəli kredit müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2.106,02 (iki min yüz altı manat 02 qəpik) manat məbləğində borcu vardır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16072015/184430 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin əsasən Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2.020.67 (iki min iyirmi yeddi manat 67 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit alan isə verilmiş krediti,o, cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01/ZM/3 saylı Zaminlik müqaviləsindən görsənir ki, Cavabdeh2 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür İşə əlavə edilmiş 29 iyul 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 saylı kredit müqaviləsi üzrə 2018.48 manat əsas borcu, 87 manat faiz borcu olmaqla, cəmi 2106.02 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 22 iyul 2024-cü il tarixli Bildirşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 sentyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)170919-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödəniş cədvəlinə əsasən 1889.81 manat əsas, 87.49 manat faiz borcu olmaqla, cəmi 1977.30 manat borcları olduğu və qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü ərzində ödəmədikləri təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli 72168479 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 41.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin faizlərin tutulmasına dair onu qeyd edir ki, iş üzrə sənədlərdən göründüya kimi, iddiaçı cavabdehlərə rəsmi qaydada xəbərdarlıq göndərərək xx.xx.2024-cü il tarixə olan banka olan borcunu qaytarmadığına görə 1889.81 manat faiz və 87.49 manat cərimə bоrcunu tələb etmişdir. Odur ki, həmin tarixdən müqavilə ləğv edilmiş sayılmalı və həmin tarixə olan faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Həmin qərarın nəticə hissəsində göstərilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İşə əlavə edilmiş 22 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 banka 12 iyul 2024-cü il tarixə, 1889.81 manat əsas, 87.49 manat faiz borcu olmaqla, cəmi 1977.30 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü ərzində ödəmədikləri təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişin verildiyi vaxtdan tərəflər arasında müqavilə ləğv edilmiş hesab edildiyindən iddia tələbi də, həmin vaxta hesablanmış əsas borc və faiz hissəsində təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 87.49 manat faiz borcu hesablanmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170919-01 nömrəli kredit müqaviləsinə əsasən 1889.81 (min səkkiz yüz səksən doqquz manat səksən bir qəpik) manat əsas borc, 87.49 (səksın yeddi manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1977.30 ( min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 39.78 (otuz doqquz manat yetmiş səkkiz qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1889.81 (min səkkiz yüz səksən doqquz manat səksən bir qəpik) manat əsas borc, 87.49 (səksın yeddi manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1977.30 ( min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 39.78 (otuz doqquz manat yetmiş səkkiz qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar