Məhkəmə qərarları › İş №e-2(030)-196/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-196/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-196/2024 06.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin Cavabdeh qarşı kreditin və fazilərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh 7607,38 manat əsas, 85,93 manat faiz və 5,23 manat cərimə borcu olmaqla, cəmi 7698,54 manat məbləğində kredit borcunun və ödənilmiş 96,99 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli “Razılaşma” üzrə cavabdehə illik 16% dərəcəsi ilə 48 ay müddətinə 9900 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Nəticədə cavabdehin 19 dekabr 2023-cü il tarixə İddiaçı ASC-yə 7607,38 manat əsas, 85,93 manat faiz və 5,23 manat cərimə borcu olmaqla, cəmi 7698,54 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 02 mart 2022-ci il tarixli Razılaşma üzrə illik 16% dərəcəsi ilə 48 ay müddətinə 9900 manat məbləğində kredit. Əvvəllər ödəniş etsə də, sonradan maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 02 mart 2022-ci il tarixli “Razılaşma”nın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli “Razılaşma”ya əsasən Cavabdeh 16% dərəcəsi ilə 48 ay müddətinə 9900 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş İddiaçı ASC-nin 01 dekabr 2023-cü il tarixli 972 saylı pretyenziya məktubundan görünür ki, kredit müqaviləsi üzrə 01 dekabr 2023-cü il tarixə Banka olan borcun məbləği 7630,30 manat əsas, 84,04 manat faiz və 5,15 manat cərimə borcu olmaqla, cəmi 7719,49 manat təşkil edir. 3 gün müddətində göstərilən məbləğdə borcun Banka ödənilməsi tələb edilmiş, əks halda Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürcaiət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, fazilərin və penyanın hesablanması haqqında 19 dekabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 19 dekabr 2023-cü il tarixə 7607,38 manat əsas, 85,93 manat faiz və 5,23 manat cərimə borcu olmaqla, cəmi 7698,54 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 07 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 96,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli Razılaşmaya əsasən cavabdehə üzrə illik 16% dərəcəsi ilə 48 ay müddətinə 9900 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Nəticədə cavabdehin 19 dekabr 2023-cü il tarixə İddiaçı ASC-yə 7607,38 manat əsas, 85,93 manat faiz və 5,23 manat cərimə borcu olmaqla, cəmi 7698,54 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. AR MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7607,38 manat əsas, 85,93 manat faiz və 5,23 manat cərimə borcu olmaqla, cəmi 7698,54 manat kredit borcu alınıb İddiaçı ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 96,99 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7607,38 manat əsas, 85,93 manat faiz, 5,23 manat cərimə borcu və ödənilmiş 96,99 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7795,53 (yeddi min yeddi yüz doxsan beş manat əlli üç qəpik) manat məbləği alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar