Məhkəmə qərarları › İş №e-2(030)-224/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-224/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-224/2024 27.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 13065,36 manat əsas, 3280,90 manat faiz və 480,36 manat cərimə borcu olmaqla, cəmi 16826,62 manat kredit borcu və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırımışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli CP/73929/84/35 nömrəli “Kredit müqaviləsi” üzrə cavabdehə illik 21 faiz ödəmək şərti ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 13065,36 manat əsas, 3280,90 manat faiz və 480,36 manat cərimə borcu olmaqla, cəmi 16826,62 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edib işə oların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 26 yanvar 2022-ci il tarixli CP/73929/84/35 nömrəli “Kredit müqaviləsi” üzrə ona illik 21 faiz ödəmək şərti ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. Əvvəllər ödəniş etsə də, sonradan maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. Məhkəmədən faiz və cərimə borcunun silinərək iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli CP/73929/84/35 nömrəli “Kredit sazişi”nin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli CP/73929/84/35 nömrəli “Kredit sazişi”nə əsasən Cavabdeh illik 21 faiz ödəmək şərti ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 25 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 13065,36 manat əsas, 3280,90 manat faiz və 480,36 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli CP/73929/84/35 nömrəli “Kredit sazişi” üzrə cavabdehə illik 21 faiz ödəmək şərti ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə iddiaçı bank tərəfindən 13065,36 manat əsas, 3280,90 manat faiz və 480,36 manat cərimə borcu olmaqla, cəmi 16826,62 manat kredit borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşə əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 26 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bnka 13065,36 manat əsas, 3006,22 manat faiz və 480,36 manat məbləğində cərimə borcu vardır. Qeyd olunanlara əsasən onunla bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və kredit borcunun dərhal ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borc tələbilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin də ondan tuutlacağı bildirilmişdir. Bildirişin verildiyi vaxtdan tərəflər arasında müqavilə ləğv edilmiş hesab edildiyindən iddia tələbi də, həmin vaxta hesablanmış əsas borc və faiz hissəsində təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 480,36 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 480,36 manat məbləğində cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13065,36 manat əsas, 3006,22 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 16091,58 manat kredit borcu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun 134,84 manatı cavabdehdən tutulub iddiaçıya ödəniılməli, 6,16 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13065,36 manat əsas, 3006,22 manat faiz, 20 manat cərimə borcu və 134,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16226,42 (on altı min iki yüz iyirmi altı manat qırx iki qəpik) manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar