Məhkəmə qərarları › İş №e-2(030)-36/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-36/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-36/2025 07.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70000 manat dəymiş ziyanın, ödənilmiş 300 manat dövlət rüsumunun, vəkilə hüquqi yardımı ilə bağlı ödənilmiş 1000 manatın və avtomobilə dəymiş ziyanla bağlı qiymətləndirilməyə ödənilmiş 140 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 40700 (qırx min yeddi yüz) manat dəymiş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin qalan hissələrini dəyişməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh tərəfindən idarə olunan zaman aşmış və nəticədə avtomobilə 70000 manat ziyan dəymişdir. Ona dəymiş ziya bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən avtomobilə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olan “Howo” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh təhvil verilmişdir. 21 aprel 2024-cü il tarixdə Göygöl rayonu Tülallar kəndi ərazisində cavabdeh avtomobili dərəyə aşırmışdır. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşmüş və 70000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və yük avtomobilinə dəymiş ziyan 50700 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin vəkili yük avtomobilinin hazırki vəziyyətdə ona verilməsini, avtomobil satıldıqdan sonra əldə edilmiş pul vəsaitindən vurulmuş ziyanı ödəcəyini bildirmişdir. O, vurulmuş ziyanın əvəzi olaraq 50700 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə razıdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehin idarə etdiyi “Howo” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Göygöl rayonu Tülallar kəndi ərazisində dərəyə aşmış, nəticədə avtomobilə ziyan dəymişdir. Avtomobilin əyləci nasaz olduğu üçün avtomobilin dayandırılması mümkün olmamışdır. İddiaçı tərəfindən avtomobilə vurulmuş ziyan 70000 manat qiymətləndirilmiş və bu barədə avtoservis tərəfindən tərtib edilmiş rəy təqdim edilsə də, vurulmuş ziyan şişirdilmişdir. Mütəxəssis rəyindən də göründüyü kimi, avtomobilin sağ təkərinin əyləci nasaz vəziyyətdə olmuşdur. Avtomobil qiymətləndirilərkən qeyd edilənləri nəzərə alınmamışdır. İş üzrə təyin edimiş ekspertiza tərəfindən yük avtomobilinə dəymiş ziyan 50700 manat məbləğində qiymətləndirilmişdir. Lakin ekspert rəy verərkən avtomobilə baxış keçirməmişdir. İşə əlavə edilmiş 25 mart 2024-cü il tarixli 09/24-G xidməti müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktor X3 ilə İddiaçı arasında 25 mart 2024-cü il tarixli 09/24-G xidməti müqavilə bağlanmışdır. İşə əlavə edilmiş Göygöl rayon X5 bölməsinin müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, 21 aprel 2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Howo” yük markalı, **-BG-*** nömrə yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində Göygöl rayonu Zunges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, avtomobil üzərində idarəetməni itirmiş, yük avtomobilin yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Howo” markalı, **-BG-***: dövlət qeydiyyat nişanlı avtomaşının ön qabaq hissəsi yarasız vəziyyətdədir. İşə əlavə edilmiş Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsi trəfindən tərtib edilmiş akt-rəydən görünür ki, “Howo” yük markalı, **-BG-*** nömrə nişanlı avtomobilə dəymiş ziyan 70000 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş 16 iyul 2024-cü il tarixli 55570 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsinin hesabına 140 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş 17 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş pulpal məlumat portalından çıxarılmış mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə Vəkil Bürosunun hesabına 1000 manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2025-ci tarixli 9/9325 nömrəli ekspert rəyindən görünür ki, “Hovvo” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2024-cü ilin aprel ayından əvvəl olan bazar dəyəri təxminən 50700 (48000+53500):2=17950,00) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 04 iyul 2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, dövlət qeydiyyat nişanı 21BG122 olan “Howo” yük markalı yük maşını 10000 manata Tovuz RQİ və TBŞ qeydiyyat məntəqəsində satıcı İddiaçı tərəfindən alıcı X1. Məhkəmə iddiaçı və cavabdehi təmsil edən nümayəndələrin izahatlarını dinləyərək, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (o cümlədən nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində iddiaçıya maddi ziyan(zərər) vurmuş, nəticədə iddiaçı əmlakının zədəsinin aradan qaldırılması üçün xərclər çəkmişdir, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, 21 aprel 2024-cü il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Howo” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində ehtiyatsızlıq edərək qəzaya uğratmışdır. Nəticədə avtomobilin mülkiyyətçisinə maddi zərər vurmuşdur. Avtomobilin təmir edilmə yolu ilə əvvəlki vəziyyətə gətirilməsi qeyri-mümkün olmuşdur. Avtomobilin qəzadan əvvəlki vəziyyətinə uyğun bazar dəyəri ekspert rəyinə əsasən təxminən 50700 manat məbləğində müəyyən edilmişdir. İddiaçı avtomobili yararsız vəziyyətdə 10000 manata satmışdır. Məhkəmə qeyd edir ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Buna görə də şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 50700 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın yaranma səbəbi Göygöl rayon X5 bölməsinin 15 avqust 2024-cü il tarixli qərarı, ziyanın həcmi isə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2025-ci tarixli 9/9325 nömrəli ekspert rəyi ilə təsdiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 40700 manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin 700 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri (o cümlədən dövlət rüsumu) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 242,10 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməli, qalan 57,90 manat iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respubliaksı Qanunun 3.1.1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar dedikdə. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi" qaydalarının 2.2-ci bəndinə görə, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir: 2.2.1-ci bəndinə görə, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsi hüquqi şəxsdir. Onun hesabına 140 manat məbləğində xidmət haqqının köçürülməsi barədə elektron sənəd təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin: Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 40700 (əlli min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumu əvəvzi olaraq 242,10 (iki yüz qırx iki manat on qəpik) manat və hüquqi xidmətlə bağlı ödənilmiş 700 (yeddi yüz) manat tutulub İddiaçı verilsin. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Ekspertiza xərci, Adı: Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar