Məhkəmə qərarları › İş №e-2(030)-424/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-424/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-424/2025 13.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4197,92 manat əsas, 951,68 manat faiz və 279,45 manat cərimə borcu olmaqla, cəmi 5429,05 manat kredit borcunun və ödənilmiş 74,70 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 09 fevral 2024-cü il tarixdən 35 ay müddətinə illik 28% ödəmək şərti ilə 4200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 14 noyabr 2023-cü il tarixdə ərizə imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, 01 oktyabr 2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesab açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 30 may 2025-ci il tarixə "xxxx" KB ASC-yə 4197,92 manat əsas, 951,68 manat faiz və 279,45 manat cərimə borcu olmaqla, cəmi 5429,05 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli ərizə-anket və imza nümunəsinin surətindən görünür ki, Cavabdeh 01 oktyabr 2023-cü il tarixli 01U/21 nömrəli “Ümumi Oferta” ilə tanış olduğunu, şərtləri qəbul etdiyini və bankın öz mülahizəsinə əsasən ona ayrılacaq limiti artırmaq və azaltmağına razılıq vermişdir. İşə əlavə edilmiş 30 may 2025-ci il tarixli UB-BANK/PİKMD/1285766 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 378sNAPb/24 nömrəli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 30 may 2025-ci il tarixə 4197,92 manat əsas, 951,68 manat faiz və 279,45 manat cərimə borcu olmaqla, cəmi 5429,05 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilmiş 30 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən 74,30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 01 oktyabr 2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 09 fevral 2024-cü il tarixdən 35 ay müddətinə illik 28% ödəmək şərti ilə 4200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 14 noyabr 2023-cü il tarixdə ərizə imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, 01 oktyabr 2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesab açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 30 may 2025-ci il tarixə "xxxx" KB ASC-yə 4197,92 manat əsas, 951,68 manat faiz və 279,45 manat cərimə borcu olmaqla, cəmi 5429,05 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2 ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddələrinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü madəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 743.1-ci maddəsinə görə, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşə əlavə edilmiş 30 sentyabr 2024-cü il tarixli UB-Bank/PİKMD nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh 09 fevral 2024-cü il tarixli 378sNARb/24 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 30 sentyabr 2024-cü il tarixə 4197,92 manat əsas, 489,31 manat faiz və 48,56 manat cərimə borcu olmaqla, cəmi 4735,79 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməsi təklif etdilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 4197,92 manat əsas, 489,31 manat faiz və 48,56 manat cərimə borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edildiyi tarixə, yəni 30 sentyabr 2024-cü il tarixə 4197,92 manat əsas, 489,31 manat faiz və 48,56 manat cərimə borcu olmaqla, cəmi 4735,79 manat kredit borcu hissəsində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4197,92 manat əsas, 489,31 manat faiz və 48,56 manat cərimə borcu olmaqla, cəmi 4735,79 manat kredit borcu tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74,70 manat məbləğində dövlət rüsumunun 67,36 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 7,34 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4197,92 manat əsas, 489,31 manat faiz və 48,56 manat cərimə borcu olmaqla, cəmi 4735,79 (dörd min yeddi yüz otuz beş manat yetmiş doqquz qəpik) manat kredit borcu və ödənilmiş 67,36 (altmış yeddi manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar