Məhkəmə qərarları › İş №e-2(031)-1024/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-1024/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-1024/2023 26.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X9, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4501.23 manat məbləğində kredit borcunun, ödənilmiş 65.02 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X10 arasında bağlanmış BPM**********01 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X5 miras qalmış əmlaka dair vərəsəlik işi X3 tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Xaçmaz” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X6 vəfat etdiyi tarixə Banka 4501.23 manat əsas kredit borcu qalmışdır. Cavabdeh X3 mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf çalışsa da, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmiş və cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 4501.23 manat məbləğində kredit borcunun, ödənilmiş 65.02 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin Şabran filialının nümayəndəsi X11 məhkəmədə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, əri X10 xəstə olduğu üçün vəfat etmiş, ərinin xəstəliyi ilə bağlı ödəniş almaq üçün vərəsəlik açılmışdır. Yaşadığı ev atasından bağışlama yolu ilə onun mülkiyyətinə keçmiş və miras əmlakı yalnız ərinin xəstəlik vərəqələri əsasında köçürülmüş pul vəsaitindən ibarətdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X10 arasında bağlanmış BPM**********01 saylı, xx.xx.20219-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X8 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 043559 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 fevral 2020-ci ildə ölmüşdür. İş materiallarında olan 04 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X10 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə DSMF-yə təqdim etdiyi SN00006-533607 (382.64 manat) və SN00006-533455 (526.96 manat) saylı xəstəlik vərəqəsindən ibarətdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş məktubundan görünür ki, X4nun vərəsəsi Cavabdeh banka olan borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə Arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli RGTK0267272B126 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC -nə ödənilməmiş 4501.23 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş miras əmlakı xəstəlik vərəqələri əsasında köçürülmüş 382.64 manat və 526.96 manat, cəmi 909,6 manat pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 909.60 manat borc, və iddianın təmin edilmiş hissəsinə mütanasib ödənilmiş 30.40 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 909 (doqquz yüz doqquz) manat 60 (altımış) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar