Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-1194/2025 13.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********0 saylı kredit müqaviləsinə əsasən 5039,08 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 5039,09 manat məbləğində kredit borcunun, ödənilmiş 70,40 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şabran filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********0 saylı kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 23 faiz olmaqla 7550 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şabran Rayon Notariat Ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsələri, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Şabran filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən X3 xx.xx.2021-ci il tarixli, BPM**********0 saylı kredit müqaviləsinə əsasən cəmi 5039,09 manat məbləğində borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. İddiaçının nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini tam müdafiə etdiklərini bildirmiş, məhkəmə baxış iclasının tələbkar təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" ASC-nin Şabran filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********0 saylı kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 23 faiz olmaqla 7550 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə X3 borcu üzrə cəmi tələb edilən məbləğ 5039,09 manat, rüsum üzrə cəmi tələb edilən məbləğ 70,80 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 5 gün müddətində tam yerinə yetirmələri xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 190479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 641 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AD013037 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F187519, mühərrikin nömrəsi **********0341 və buraxılış ili 1995-ci il olan “Mercedes Benz C180” markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin "xxxx" ASC ilə cavabdeh X5 arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından, bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Yuxarıda qeyd olunan müddəalara əsasən mirası qəbul etmiş vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduqlarına görə miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsəyə qarşı da irəli sürə bilər. Göründüyü kimi vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olduğuna görə hazırkı iş üzrə sübutetmə yükü cavabdeh tərəfə aiddir. Qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək və cavabdeh Nərminə Pənahovanın iddianı qəbul edilməsi barədə ərizəsini qəbul edərək hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5039,08 manat əsas və 0,01 manat faiz borcu, cəmi 5039,09 manat məbləğində kredit borcu, ödənilmiş 70,40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5039 (beş min otuz doqquz) manat 8 (səkkiz) qəpik əsas və 1 (bir) qəpik faiz borcu, cəmi 5039 (beş min otuz doqquz) manat 9 (doqquz) qəpik məbləğində kredit borcu, ödənilmiş 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-1194/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-1194/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver