Məhkəmə qərarları › İş №e-2(031)-169/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-169/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-169/2025 17.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1941,94 manat əsas borcun, 38,46 manat faiz borcunun, cəmi 1980,40 manat məbləğin və ödənilmiş 39,80 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Şabran şəhər sakini Cavabdeh2 arasında 16 oktyabr 2020-ci il tarixli 2344 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 əsas borcuna illik 1% hesablanmaqla, 3407,19 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fizki şəxs Cavabdeh1 arasında 16 oktyabr 2020-ci il tarixli 1605 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 16 oktyabr 2020-ci il tarixli 2344 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1941,94 manat, faiz borcu 38,46 manat, cəmi borcu 1980,40 manat təşkil edir. Borclu Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.4-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. Borclu Cavabdeh2 və zamini Cavabdeh1 Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, Cavabdeh2 bankdan kredit götürmüşdür, o, da həmin kredit müqaviləsi üzrə zamin qismində üzərinə öhdəlik götürmüşdür. Hazırda Cavabdeh2 həbsdədir, ona görə də məcbur olaraq onun kredit borcunu o, ödəməlidir. Həmin məbləği banka hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında 16 oktyabr 2020ci il tarixli 2344 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsindən görünür ki, Cavabdeh2 əsas borcuna illik 1% hesablanmaqla, 3407,19 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fizki şəxs Cavabdeh1 arasında 16 oktyabr 2020-ci il tarixli 1605 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialına 16 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1941,94 manat əsas, 38,46 manat faiz, cəmi 1980,40 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmçinin Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında 16 oktyabr 2020-ci il tarixli 2344 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1941,94 manat əsas borc, 38,46 manat faiz borcu, cəmi 1980,40 manat və ödənilmiş 39,80 manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında 16 oktyabr 2020-ci il tarixli 2344 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1941,94 (min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) manat əsas borc, 38,46 (otuz səkkiz manat qırx altı qəpik) manat faiz borcu, cəmi 1980,40 (min doqquz yüz səksən manat qırx qəpik) manat və ödənilmiş 39,80 (otuz doqquz manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində elektron qaydada Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar